Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Markus Ritterin bəyanatı ilə bağlı suala cavab verib.
“Yeni Gundem” xəbər verir ki, XİN-in sözçüsü bildirib ki, Aİ missiyasının rəhbərinin Ermənistanın yalan və yanıltıcı iddialarına əsaslanaraq Azərbaycanın guya hansısa hücuma hazırlaşdığını bəyan etməsini və Aİ missiyasının əsas vəzifəsini “Ermənistanı qorumaq” kimi təqdim etməsini qətiyyətlə pisləyirik.
“Biz dəfələrlə qeyd etmişik ki, bu Missiyadan Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək üçün sui-istifadə edilməsinin qarşısını almaq lazımdır. Aİ missiyasının Ermənistanda olması Azərbaycanın qanuni maraqlarının nəzərə alınması, eləcə də bu missiyanın fəaliyyətinin Aİ tərəfindən qarşılıqlı inam və etimadı sarsıtmayan şəkildə həyata keçirilməsi təmin edilməlidir. Ermənistana Aİ missiyasının mövcudluğundan sui-istifadə edərək vəziyyəti gərginləşdirməyə və öz öhdəliklərindən yayınmağa imkan verilməməlidir. Aİ missiyası yalan və böhtan xarakterli iddialar irəli sürməməli və öz mandatına uyğun hərəkət etməlidir”,-deyə o qeyd edib.
Fərahim Rəhimov