Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) rəhbərlik, müəllim və əməkdaşların iştirakı ilə ilin yekunlarına həsr olunmuş iclas keçirilib.
Azərbaycan İlahiyyat İnstitutundan “Yeni Gündəm”-ə verilən xəbərə görə, Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə səmimi arzularını ifadə edib. Həmrəylik Gününün tarixindən bəhs edən rektor Azərbaycan xalqının Vətən müharibəsindəki birliyinin həmrəyliyimizin bariz nümunəsi olduğunu vurğulayıb.
Bildirib ki, Şanlı Qələbəmiz Prezident İlham Əliyevin güclü iradəsini, xalqımızın sarsılmaz əzmini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.
Daha sonra rektor Aqil Şirinov 2021-ci ildə görülən işlər və qarşıda duran hədəflər, vəzifələr haqqında söhbət açıb. Bildirib ki, bu il də İnstituta qəbul prosesi uğurla həyata keçirilib.
Ali təhsil müəssisəsinin rəhbəri tələbələrin bilik səviyyələrinin artırılması, dünyagörüşlərinin zənginləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. A.Şirinov təhsilalanların Azərbaycanda mövcud olan müxtəlif dini ibadət ocaqları ilə əyani tanışlıq məqsədilə səfərlərin təşkil edildiyini vurğulayıb.
Aİİ-də bu il ilk məzun buraxılışı olacağını vurğulayan İnstitut rəhbəri əsas məqsədin müasir dünyagörüşlü, savadlı, vətənpərvər gənc kadrların formalaşdırılması olduğunu nəzərə çatdırıb.
İclasın sonunda iş fəaliyyətində fərqlənən İnstitut əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.