Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafi” İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə “Xalqın yaddaşında yaşayan düha: ulu öndər Heydər Əliyev xatirələrdə” mövzusunda konfrans keçirilib.
Aİİ-dən “Yeni Gundem”-ə verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib.
Açılış nitqi ilə çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov bildirib ki, konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.
Aqil Şirinov ümummilli lider Heydər Əliyevin sovet dövründə və müstəqillik qazandıqdan sonra dahi şəxsiyyətin hakimiyyəti dövründə ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması uğrunda aparılan məqsədyönlü siyasətindən söhbət açıb. Hazırda bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
TAİB sədri, akademik, YAP Veteranlar Şurasının üzvü Sudeif İmamverdiyev dahi rəhbər, ulu öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüb, həyat yolundan söz açıb. S.İmamverdiyev sovet dövründə Ulu öndərin Azərbaycanın ümumittifaq səviyyəsində yüksək mövqeyə yüksəldiyini vurğulayıb. O, dahi rəhbər Heydər Əliyevin ölkəmizin azadlığı və müstəqilliyi uğrunda misilsiz xidmətlərindən bəhs edib.
TAİB sədrinin müavini, Azərbaycan Televiziya və Radio Akademiyasının rektoru, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı ulu öndər Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafına göstərdiyi tarixi xidmətlərdən, ölkə jurnalistikasına olan xüsusi diqqət və qayğısından danışaraq, onunla bağlı xatirələrini bölüşüb.
TAİB sədrinin müavini, sabiq dövlət qulluqçusu Eyvaz Hünbətov, TAİB Qadınlar Şurasının sədri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Güllü Yoloğlu, TAİB İdarə Heyətinin üzvü, Türkel Yayım Qrupunun rəhbəri Ramiz Məşədihəsənli və TAİB-in üzvü Tahir Quliyev xalqın yaddaşında yaşayan düha, ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Dahi Ulu Öndərin Azərbaycan xalqı qarşısında, ölkəmizin müstəqilliyi, milli-mənəvi dəyərlərimizin qorunması uğrunda əvəzolunmaz xidmətlərindən bəhs edib.
Sonda TAİB sədri, akademik Sudeif İmamverdiyev “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafi” İctimai Birliyi tərəfindən Aİİ rektoru, dosent Aqil Şirinovu Təşəkkürnamə ilə təltif edib.