Albaniya Respublikasının Prezidenti Bayram Beqay XI Qlobal Bakı Forumu çərçivəsində Azərbaycanda işgüzar səfərdədir. Ali qonaq səfər zamanı Şəki şəhərini də ziyarət edib. Prezident Bayram Beqay, Azərbaycanın mədəniyyət naziri və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət mərkəzində də olublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ”Yeni Gundem”-ə bildirilib ki, mərkəzin fəaliyyətinin məqsədi ölkəmizin, əsasən də Şəkinin tarixi keramika ənənələrinin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi və dünyada tanıdılmasıdır.
Qeyd olunub ki, dünyada mövcud olan 128 gil növündən 98-nə məhz Azərbaycanda rast gəlinir.
Şəkinin Avropa Keramika marşrutuna daxil edilməsində mərkəzin xüsusi rolu diqqətə çatdırılıb.
Sonda qonağa mərkəzdə hazırlanan xatirə hədiyyəsi təqdim olunub.