Kulis.az Vüqar Babazadənin Kəramət Böyükçölün ad günündən yazdığı reportajı təqdim edir.
Kəramət Böyükçölün Amerika səfəri
Restorandan içəri girəndə, Kəramətin nənəsinin bir sözü yadıma düşür: “Züleyxa vedrəçidi. Adamların dalına elə vedrə bağlayır, içinə də elə bir daş atır ki, danqıltısı Ağcabədidə eşidilir…”
O kino layihəsi qanunsuz və nəticəsizdir
Anni Erno: “Nobel xəbərini mətbəxdə aldım” – Müsahibə
Hüseyn Cavidin 140 illiyi qeyd ediləcək – Sərəncam
Belə deyirlər ki, Kəramət hər üç-beş ildən bir toyfason bir şey eləməsə, ürəyi dayanar. Düz sözə nə deyəsən? Srağagün də 35 yaşı münasibətilə bütün tanışları, dostları, sevdiyi adamları bir yerə yığaraq restoranın banket zalını bağlatdırmışdı. Aşağı-yuxarı toy kimi bir məclis idi. Bircə gəlin yox idi. O da daha nə qədər olar? Görün Kəramət bu məsələlərdə hansı səviyyəyə gəlib çıxıb ki, gəlinsiz toy eləyir.
Mübariz Örən, Şəhriyar del Gerani, Xəyal Rza, Ulucay Akif, İlqar Tağı, Nihat Pir və mən eyni stolda əyləşmişdik. Stolumuz restoranın ən qıraq və görünməz bir yerində idi. Kəramət içəridə kimi tuturdusa, boş yer var deyə bizim stola göndərirdi. Həmin adamlar da stolumuzun yerini görən kimi başqa yerlərdə əyləşirdilər. Heç kim bizim stola yaxınlaşmırdı.
Şəhriyara tünd rəngli cins şalvarımı göstərib deyirəm ki, gör nə gözəldir. Təzə almışam. O da cavab verir ki, rəngi çığırır e. Bir az solğun rənglər yoxla.
Sonra Mübariz Örənin ağ köynəyini müzakirə edirik.
Şəhriyar deyir ki, 100% pambıq deyil, 75% pambıqdır.
Mübariz cavab verir ki, İlhamdan (İlham Əziz) almışam da, aldadıb məni.
Mən deyirəm ki, haradan bilirsən, Şəhriyar, bəlkə, 100% pambıqdır?
Mübariz cavab verir ki, hamı elə bilir ki, 100% pambıqdır. Amma nə olsun? 100% yox, 75% pambıqdır. Burda nə var ki?
Bir azdan məclisi Qəşəm müəllim açır. Kəraməti bir az tərifləyir, hamını salamlayır və sözü verir doktor Rəşid Mahmudova.
Bu anda Şəhriyar iki daşın arasında deyir ki, gərək sözü birinci Seyran Səxavətə verəydi.
Mübariz ofisiantı çağırıb ona çox unikal sual verir:
– Yeməyə nəyin var?
Ofisiant özünü itirmir və eyni unikallıqla cavab verir:
– Nə istəyirdiz?
Və uzun çək-çevirdən sonra məlum olur ki, Mübariz, əslində, heç nə istəmirmiş.
Rəşid doktor zalın üstünə qışqırıb, ucadan deyir ki, “aə, ay oğul, sakit olun, söz danışıram axı. Məlliməm e, mən! Saxlayaram ha sizi sinifdə!”.
Bu zarafata heç kim gülmür.
Şəhriyar qabağındakı əti dişinə çəkir.
O tərəfdə, Murad Köhnəqalagilin stolunda qızğın müzakirələr gedir.
Yan stolda Aqşin Yenisey, Sərdar Amin, İlham Əziz, Orxan Saffari, Alik Əlioğlu və başqaları əyləşib. Arada bir-birimizə göz-qaş edirik.
Şəhriyar böyrümdən dürtüb deyir ki, Aqşinin telefonun rənginə bax.
Baxıram, qırmızı rəngdədir.
– Çığırır, hə? – Şəhriyar soruşur.
– Həye, çox.
Rəşid doktor sazda “Ruhani” sifariş verib bir xeyli oynayır. Bu anda Kəramətin nənəsinin daha bir sözü yadıma düşür: “Xoruz fərənin belinə atılmamış Züleyxa hər səhər kəsdirir qapımızın ağzını”.
İstəyirəm ki, ürək sözlərimi bu reportaj vasitəsilə Kəramətə bildirim. Ola bilər ki, bir az sentimental olsun.
Kəramətin çox az adama məlum olan bir xüsusiyyəti var ki, mən onu tutmuşam. Şöhrət, məşhurluq, ictimai fikrə təsir, minlərlə dost, tanış. Bunlar əladır, istənilən yazıçının arzusudur.
Amma mən Kəramətlə tək söhbət edəndə hiss edirəm ki, o daima darıxır. Hiss edirəm ki, hamıya onun başqa tərəfləri maraqlıdır. Xalq başqa şey istəyir, dostları başqa şey istəyir, ailəsi başqa şey istəyir, sevən başqa şey, ay qardaş, sevməyən də başqa bir şey istəyir.
Amma, zənnimcə, Kəramət ədəbiyyat üçün yanır. Şöhrət, məşhurluq, dost-tanış, lap yeri gəlsə, pul, onu maraqlandırmır. Əsl Kəramət istəyir ki, oturub saatlarla ədəbiyyatdan, romandan, sözdən, yazıdan danışsın. Amma özündən o qədər uzaq düşüb ki, əsl Kəramət yavaş-yavaş itməkdə, yox olmaqdadır. Dostumun bu halına dəhşətli dərəcədə məyus oluram. Onunla oturanda hiss edirəm ki, ədəbiyyatdan danışa-danışa fikrən uzaqlara gedir, gedir, gedir. Dəli milçəklər kimi özünü ora-bura çırpır. Düşüncələri ziq-zaqvari hərəkət edib, bir-birinə dolaşır. Ona görə onunla görüşəndə, demək olar ki, bütün görüş boyu susub, ancaq onu dinləyirəm. İstəyirəm ki, boğazında, ürəyində ilişib qalan bütün sözləri, bütün söhbətləri edib rahatlasın. Ürəyini boşaltsın. Bunu, yəqin, özü də hiss edib.
Hökm vermək naqislikdir. Di gəl ki, mənə elə gəlir, Kəramət ədəbiyyatdan ayrı düşməməlidir. Onun başqa yolu yoxdur. Kəramət ədəbiyyatsız heç vaxt xoşbəxt ola bilməz. Bunu dərindən hiss edirəm.
Kəraməti düşünəndə bir az utancaq, bir az abırlı, ya vəlvələdən, ya zəlzələdən yazı yazmaq bəlasına düşmüş adamın bir az miskin, bir az kədərli, bir az da xoşbəxt həyatı gözümün önündən getmir. İndi onu xatırlayanda mənə elə gəlir, o həmişə harasa tələsir. Lakin tələsdiyi yerdə onu heç kim gözləmir.
Kəramətin obrazı mənə bir zamanlar çox bayağı görünürdü. Yaşadıqca isə onu anlamağa, bu cəmiyyətin, bu ölkənin boğazında sümük kimi qalan yazıçının faciəsini bütün qəlbimlə hiss etməyə başladım. Kəraməti sevən qədər, ona nifrət edən, onu ciddi qəbul etməyən adamlar da var. Bu da təbiidir. Bu heç. Amma mənə həmişə bir məsələ maraqlı gəlib ki, Kəraməti sevənlərin hamısı onu aşağı-yuxarı eyni şeylərə görə sevirlər. Amma onu sevməyən adamların hamısı ayrı-ayrı şeylərə görə ona nifrət edirlər. Kəramətə qəddarcasına nifrət edirlər. Bu necə taledir, necə həyatdır, başa düşmürəm.
Əziz dostum, səni ciddi qəbul etməyən, sənə amansız şəkildə nifrət edən adamları vecinə alma. Sən yazmısan, yazmalısan, yazmalısan, yazacaqsan. Buna bir qram da şübhəm yoxdur. Ad günün mübarək, sağlam və tərbiyəli iradənlə həmişə belə gümrah qal, yanımızda ol.
Rəşid doktor oynayıb qurtarandan sonra söz verilir Seyran Səxavətə.
Daha sonra Rəşad Məcidə, ondan sonrasını ardıcıllığı ilə xatırlamıram, amma Rüstəm Behrudi, Qulu Məhərrəmli, İqbal Ağazadə, Arif Hacılı və başqaları çıxış elədi.
Məclisin bir yerində Qəşəm müəllim milli-mənəvi dəyərlərdən, multikulturalizmdən danışıb qurtardı. Kəramət gördü ki, bu söhbətlərin axırı yaxşı yerə getməyəcək, mikrofonu götürüb özü məclisi aparmağa davam elədi. Onda zaldan kimsə qışqırdı ki, ay Kəramət bir az bərkdən danış, eşitmirik.
Fikir verirdim, gələn-gedən Kəramətin ictimai fikrə təsirindən, nə bilim, statuslarından, istedadından, hazırcavablığından, xalqın kodlarını bilməyindən danışır. Amma bir Allah bəndəsi demir ki, romanları belədir, elədir, yaxşıdır, əladır. Şəhriyardan bu haqda soruşdum, zarafata salıb dedi ki, ortada mətn yoxdur axı.
Bu dəm Kəramət yan masaya yaxınlaşıb Orxan Saffariyə deyir:
– Ay Orxan, səni bura oynamağa çağırmışam e, dur da.
Orxan gözlərini bərəldib cavab verdi:
– Bambılı-zadam?
Şəhriyardan soruşuram ki, Xəyal Rza ilə Tomas Eliottun yaradıcılığındakı ortaq cəhətlər hansılardı?
Şəhriyar cavab verir ki, dünyəvilik.
Kəramət yenə mikrofonu götürüb kimisə ələ salırdı. Bir yerdə eşitdim ki, Seymur Baycanla Zəlimxan Yaqubun (Seymur məclislərin birində Zəlimxanı tənqid eləyir. Zəlimxan da gəlir Seymurun saçından öpür, deyir ki, bax sənin saçından öpdüm, amma o saç yeməyimdə olsa, iyrənərdim, tənqidlərini qəzetdə yazarsan, icazə ver yemək yeyək – təxminən belə bir söhbətdir) məşhur söhbətini danışır. Söhbət bitəndən sonra Şəhriyarla bir-birimizə baxırıq. Dedim ki, Zəlimxan nə bayağı, pafoslu, mənasız cavab verib. Ətimiz töküldü. Guya böyük bir şey deyib də indi?
Xəyal Rza “Tərəqqi” medalı alıb, birbaşa məclisə gəlmişdi. Onu bir daha medalı münasibəti ilə təbrik edirik. Arada verər biz də taxarıq, bir az dosta-düşmənə gözdağı verərik.
Bu anda yadıma Nadir Yalçın düşdü. Kaş bu məclisdə o da olaydı. İndi əsgərlikdə neynir, nə işlə məşğuldur?..
Ulucay bir qadını tutub ki, Səhər (Səhər Əhməd) xanım, necəsiz?
Qadın deyir ki, mən Səhər xanım deyiləm.
Şəhriyar mənə deyir ki, o Səhərdir. Yalan danışır.
Mübariz Örən deyir ki, vallah, Səhər deyil o.
Ətrafdakı adamların hamısı mənə tanışdır. İqtidar, müxalifət, ədəbiyyat, səhiyyə, jurnalistika, bütün sahələrdən adamlar məclisdədir. Kəramətin azadlığı da bundadır ki, istəyər bu gün Rəşid doktoru, sazı, meyxananı tənqid edər, istəyər sabah Rəşid doktorla saz çala-çala meyxana deyər.
Qonaqlar dayanmadan “Ruhani” sifariş verərək oynayırdılar. Saz havası adamı getdikcə narahat edirdi. Bizim stol bir saatdan sonra durmaq qərarı aldı. Məclisin şıdırğı yerində yavaş-yavaş məclisi tərk elədik. Çöldə Kəraməti gördüm, dedi ki, qalın da, hara gedirsiz?
Görüşüb ayrıldıq, çölə çıxanda fikirləşirdim ki, yedim, içdim, pul da salmadım. Gərək elə bir yazı yazım ki, azı 100 manata dəysin.
(Yazı sizə yarımçıq təsiri bağışladısa, nəzərə alın ki, məclisdə bir saatdan az müddətdə otura bilmişəm).