Ali Baş Komandanımızın Azərbaycan xalqının qalib xalq kimi tanıdılmasında əvəzsiz və müstəsna xidmətləri var – Məlahət İbrahimqızıbackend

Hər birinizə qiymətli şərhlərinizə görə təşəkkür edirəm. Həqiqətən də, XXI əsrdə dünyada baş verən ədalətsizlik, təhlükəli geosiyasi proseslər və kürəsəl təhdidlər fonunda Cənnət Vətənimizin 30 ildən artıq pozulmuş suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması bir möcüzə oldu. Bu möcüzənin gerçəkliyə çevrilməsində Əziz Şəhidlərimizin, Qəhrəman Qazilərimizin, Şanlı Milli Ordumuzun hər bir hərbiçisinin misilsiz xidmətləri olmuşdur. Onlara biz daima borcluyuq. Azərbaycan xalqı, həqiqətən də, qəhrəman xalqdır. İstər müstəqilliyin ilk illərində, 20 Yanvarda, istərsə də Birinci Qarabağ müharibəsində biz bunun bir daha şahidi olduq. Əlbəttə, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin bu qələbənin qazanılmasında, dünyaya Azərbaycan xalqının qalib xalq kimi tanıdılmasında əvəzsiz və müstəsna xidmətləri var. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının təkcə qəhrəman və qalib xalq kimi tanıtmadı, həm də Azərbaycan xalqı dünyaya, dünya erməniliyinə, erməni faşizminə və onlara dəstək verənlərə heç vaxt boyun əyməyəcəyini sübut etdi. Bu mənada möhtərəm Prezidentimiz yenilməzliyi, müdrikliyi, prinsipiallığı və uzaqgörənliyi ilə təkcə şərəfli tariximizə deyil, həm də dünya tarixinə XXI əsrin Qalib Lideri və Sərkərdəsi kimi yazılacaqdır. Azərbaycan xalqı bununla qürur duyur və gələcək nəsillər də bu qürurun bitməz sevincini yaşayacaqdır. Yeri gəlmişkən, 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işini daima dəstəkləyən Türkiyə və Pakistan kimi ölkələrin xidmətlərini də daima şükranlıq və minnətdarlıqla qeyd edəcəyik. İnşallah Azərbaycan və Türkiyə dünən, bu gün olduğu kimi Bir Millət, İki dövlət məfkurəsi ilə gələcəkdə də bir olacaq və bu Birliyə pis niyyətlə baxan bütün qüvvələr aciz olacaqdır. Allah bütün Şəhidlərimizə rəhmət , Qazilərimizə sağlıq versin. Onları unutmaq özümüzü və gələcək nəsilləri unutmaq deməkdir.

Bir daha hər birinizə təşəkkür edirəm!

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı