Xəbər verdiyimiz kimi, yanvarın 25-də Azərbaycan Respublikasının Ali Məhkəməsində “Femida Dialoq Platforması” çərçivəsində növbəti görüş ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin hüquq fakültələrinin professor-müəllim heyəti ilə keçirilib.
“Yeni Gundem” xəbər verir ki, görüşdə elm-təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi barədə məsələlər müzakirə olunub. Əməkdaşlığın hüquq elminin inkişafına verəcəyi töhfələrdən bəhs olunub və müxtəlif təkliflər səsləndirilib.
Görüşdə iştirak edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev deyib ki, hüquq fakültələri ilə məhkəmələr arasında əməkdaşlığın möhkəmləndirilməsi peşəkar hüquqşünas kadrların formalaşmasına mühüm töhfə verəcək. “Femida Dialoq Platforması”nın qısa müddət ərzində özünü doğrultduğunu qeyd edən Z.Əliyev hüquq fakültələrinin bu platformaya cəlb olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib.
O, görüş zamanı səsləndirdiyi təkliflərdən də danışıb: “Bizim Ali Məhkəmə ilə sıx əməkdaşlığımız mövcuddur. Amma bu əməkdaşlığı genişləndirmək üçün ilk növbədə Ali Məhkəmənin fəaliyyəti, xüsusilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində fəaliyyəti hüquq fakültələrində daha geniş tədris edilməlidir. Hesab edirəm ki, müxtəlif fənlər daxilində kassasiya icraatı ilə bağlı dərs saatları azdır və bu, mövzunun tələbələr tərəfindən dərindən öyrənilməsinə və mənimsənilməsinə imkan vermir. Ona görə də təklif irəli sürdüm ki, gələcək tədris planlarımızın müzakirəsi zamanı bu dərs saatların artırılmasına diqqət yetirilsin. Bundan başqa, 4-cü kurs tələbələrinin Ali Məhkəmədə istehsalat təcrübəsi keçməsinə imkan yaradılmasını təklif etdim ki, bu da Ali Məhkəmənin təcrübəsinin mənimsənilməsi baxımından olduqca faydalıdır. Həmçinin hesab edirəm ki, məhkəmə təcrübəsinin öyrənilməsi ilə bağlı hakimlərin tədris prosesinə cəlb olunması çox yaxşı olardı.
Bu, tələbələrin praktiki biliklərinin formalaşmasına gətirib çıxaracaq. Ali Məhkəmənin hakimləri tərəfindən mütəmadi olaraq hüquq fakültələrində ustad dərslərinin keçirilməsi də yaxşı ənənə olardı. Bunu ayda ən azı ayda bir dəfə etmək olar. Başqa bir təklifim isə hüquq elminin inkişafı məqsədilə birgə dərsliklərin hazırlanması ilə bağlı oldu. Bu, alimlərin nəzəri yanaşması ilə yanaşı,məhkəmələrdə uzun illər ərzində formalaşmış təcrübələrin də tələbələrə ötürülməsi baxımından çox faydalı olar. Pedaqoji fəaliyyətlə məşğul olmağa vaxtı olmayan hakimlər biliyini tələbəyə həmin dərslik vasitəsilə ötürə bilər. Görüşdə eyni zamanda təklif etdim ki, qanunvericiliyin təkmiləşdirilməsi ilə bağlı hüquq fakültələrinin professor-müəllim heyəti və Ali Məhkəmə hakimlərinin iştirakı ilə ildə bir neçə dəfə geniş müzakirələr təşkil olunsun. Onu da bildirdim ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı plenum qərarlarının qəbul edilməsində müvafiq sahələr üzrə yüksək ixtisaslı hüquqşünas alimlərdən ibarət birgə işçi qrupunun yaradılması və onlar tərəfindən hazırlanmış ekspert rəylərinin verilməsi plenumun qərarlarının nəzəri əsaslarının daha zəngin və möhkəm olmasına, praktikada daha müsbət nəticələrin əldə olunmasına təkan vermiş olacaq”
Z.Əliyev, həmçinin tələbələrin məhkəmə iclaslarında iştirak etməsi, vahid məhkəmə təcrübəsinə formalaşdırılmasında süni intellektin tətbiqi ilə bağlı müzakirələrin aparılması kimi təkliflər də səsləndirdiyini bildirib: “Mən bir daha Ali Məhkəmənin sədri İnam Kərimova təşəkkürümü bildirirəm ki, təkliflərimizi səsləndirməyimiz üçün şərait yaratdı, bizi dinlədi. Bu cür dialoqların keçirilməsi çox gözəl təşəbbüsdür və bütünlükdə hüquq elminin inkişafına töhfə verəcəkdir”.
Milli Aviasiya Akademiyasının Hüquq və iqtisadiyyat fakültəsinin dekanı Ayxan Rüstəmzadə də keçirilən görüşü yüksək qiymətləndirib.
“Ümumiyyətlə “Femida Dialoq Platforması”nın yaradılması çox mütərəqqi addımdır. Hesab edirəm ki, bu çox uğurlu bir layihədir. Platforma çərçivəsində hüquq fakültələrinin professor-müəllim heyəti ilə görüşlərin keçirilməsi isə gələcək hüquqşünasların hazırlanması üçün çox vacib məsələdir. Tələbələrimiz bütün instansiya məhkəmələrində, eləcə də Konstitusiya Məhkəməsində təcrübə keçmək imkanına malikdirlər və sevindirici haldır ki, onlar üçün yüksək səviyyədə şərait yaradılıb. Həmçinin hüquqşünas tələbələr könüllü qismində məhkəmələrdə işə cəlb olunurlar. Bundan əlavə, Ali Məhkəmə ilə Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb ki, bu memorandum çərçivəsində biz müəyyən işlər həyata keçiririk. İnanıram ki, əməkdaşlığımızın bunda sonra da genişləndirilməsi və ötən görüşdə səsləndirilən təkliflərin reallaşdırılması müsbət nəticələrə gətirib çıxaracaq”, – deyə A.Rüstəmzadə qeyd edib.