Amerikalı generala Bakıda günü 5 min dollardan iş təklif edilib? – ABŞ nəşrindən İDDİAbackend

Hərbi ekspert: “Burada təhlükəsizlik və kənara məlumat ötürmə kimi məsələlər də nəzərə alınmalıdır”

Amerika nəşri “The Washington Post” ABŞ ordusunun təqaüdçü hərbçilərinin müxtəlif ölkələrin hökumətlərində işə götürülməsi ilə bağlı araşdırma aparıb. Qeyd olunur ki, onların əməyi yüksək maaşla ödənilir.

“Məsələn, Avstraliya hökuməti ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş yüksək rütbəli məmurlarına məsləhət xidmətləri üçün 10 milyon dollardan çox pul təklif edib. Azərbaycanda ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalına gündə 5 min dollara məsləhətçi işi təklif olunub”, – deyə araşdırmada vurğulanır.

Həmçinin bildirilir ki, 2015-ci ildən bəri təqaüdə çıxmış 500-dən çox hərbçi xarici hökumətlərdə, əksəriyyəti Şimali Afrikada və ya Yaxın Şərqdə, o cümlədən Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyində məsləhətçi kimi çalışıb (mənbə Haqqin.az).

Maraqlıdır, Azərbaycanın Türkiyə kimi güclü strateji-hərbi müttəfiqi qala-qala, amerikalı generalın xidmətinə ehtiyac hansı zərurətdən doğa bilərdi? Özü də söhbət ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalından gedirsə, Azərbaycan və Türkiyə hərbi hava qüvvələri arasında ildə azı iki dəfə ortaq təlimlər keçirilir.

Bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, amerikalı generala Bakıda günü 5 min dollardan iş təklif edilməsi barədə ilk dəfədir eşidir: “Əgər belə bir fakt olubsa bunun hansı zərurətdən yarandığı maraqlıdır. Azərbaycan ordusunda hər zaman hər sahədə məsləhətçilər olub. Həm Hərbi Hava Qüvvələrində, həm Hərbi Dəniz Qüvvələrində, Müdafiə Nazirliyinin bütün idarələrində, bütün ordu korpuslarında Türkiyə silahlı qüvvələrindən mütəxəssislər məsləhətçi qismində hər zaman olub. Hərbi Ali Məktəbdə isə türk hərbi mütəxəssisləri daha çox olublar. Yəni Məktəb rəisinin məsləhətçisindən başqa hər taborda, bölükdə Türkiyə zabitləri tədrisdə iştirak ediblər.

Türkiyə ordusu NATO-nun ikinci güclü ordusudur. Həm bu amili, həm də qardaş ölkənin ordusu olması amilini nəzərə aldıqda bunu tamamilə təbii saymaq lazımdır. Türkiyə ordusu kimi güclü ordunun mütəxəssislərinin təcrübələrindən faydalanmışıq və faydalanırıq. Bu, Azərbaycanın maraqlarına daha uyğundur. Hal-hazırda Azərbaycan ordusunda Türkiyənin nə qədər sayda hərbi mütəxəssislərinin məsləhətçi və ya müəllim kimi fəaliyyət göstərdiyi haqda dəqiq bilgiyə malik deyiləm. Mənim Hərbi Polisin rəisi işlədiyim dövrdə dediyimiz məsələ bütün sahələri əhatə edirdi. Yəni Azərbaycan ordusunun qurulmasında, inkişafında ABŞ-ın hansısa hərbi mütəxəssislərindən yox, qardaş Türkiyənin hərbi mütəxəssislərinin imkanlarından istifadə olunurdu. Bu gün də hesab edirəm ki, ehtiyatda olan türk generallarından Azərbaycan silahlı qüvvələrinin inkişafı üçün istifadə etmək olar”.

R.Məhərrəmov fikrini belə əsaslandırdı ki, Türkiyə qardaş ölkə olaraq hər zaman bizi dəstəkləyir, onun zabitləri, generalları Azərbaycan ordusunu özlərinə doğma ordu sayıblar və sayırlar: “Biz əgər hansısa xarici ölkədən yüksək təcrübəli generalların təcrübəsindən istifadə edilməsi üçün böyük vəsaitlər ayırırıqsa, yaxşı olar ki, həmin vəsaiti məhz qardaş ölkənin təcrübəli generallarının bu işə cəlb olunmasına sərf edək. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu Türk ordusu modelinə keçib. Bu keçidin edilməyə başlandığını ölkəmizin Prezidenti bir müddət öncə bəyan etmişdi. Bu amili də nəzərə alsaq Türkiyə Ordusunun təcrübəli mütəxəssislərinin cəlb olunmasının daha məntiqli və doğru olduğunu görəcəyik. Zabitlər ehtiyata buraxılsalar da, bir qayda olaraq ömürlərinin sonuna qədər zabitdirlər, mütəxəssisdirlər. Amerikadan və ya başqa dövlətlərdən hərbi mütəxəssisləri məsləhətçi kimi cəlb etmək də olar, amma bizim qardaş Türkiyənin çox böyük təcrübəyə malik generalları,

polkovnikləri ola-ola, başqa ölkələrdən mütəxəssis gətirilməsinə ehtiyac yoxdur. Burada təhlükəsizlik və kənara məlumat ötürmə kimi məsələləri də nəzərə almaq lazımdır. Biz bu məsələni də nəzərə alıb əgər ehtiyac varsa məhz qardaş Türkiyəyə etibar etməliyik. Çünki onlar bizi özlərindən ayırmırlar. Sirlərimizi də öz sirləri bilirlər”.

Ekspert əlavə etdi ki, Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqliyi özündə əks etdirən Şuşa Bəyannaməsi də Türkiyə hərbi mütəxəssislərindən istifadə etməyimizə imkan verir, onu şərtləndirir.