Amnistiyanın kimlərə şamil olunacağı ilə bağlı daha bir AÇIQLAMAbackend

“Azərbaycanda həyata keçirilən dövlət siyasəti humanizm və sosial ədalət prinsiplərinə əsaslanır, həmçinin dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyəri əks etdirir. Bu kontekstdə respublikamızda vaxtaşırı olaraq azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması mühüm əhəmiyyət kəsb edir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov deyib.

O, bildirib ki, 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq və humanizm ənənələrini davam etdirərək Prezident İlham Əliyev tərəfindən amnistiya elan edilməsi təşəbbüsünün irəli sürülməsi xüsusi qeyd edilməlidir:

“Vətən Müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Bunlardan azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır.

Bütövlükdə, amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə bu aktın ən böyük amnistiya olacağı ehtimal edilir.

Şübhəsiz ki, əfv olunanlar dövlətin onlara inam və etibarını daim hiss edirlər, bu isə onlara layiqli vətəndaş olmaq stimulu verir. Azərbaycan ictimaiyyətinin nümayəndələri isə humanizm nümunəsi olan və böyük sosial əhəmiyyətə malik bu addımları yüksək dəyərləndirirlər”.