“Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik” – Millət vəkilibackend

7 il bundan əvvəl 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Müasir Azərbaycan tarixinə “4 günlük müharibə” kimi düşən aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Döyüşün aparılması və nəticəsi bir daha göstərdi ki, Azərbaycan dövlətinin, onun prezidentinin, ordusunun xalqının öz tarixi torpaqlarını erməni işğalından azad etmək üçün güclü siyasi iradəsi, hərbi qüdrəti və sız birliyi var.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova bildirib.

Milli Məclisin deputatı açıqlayıb ki, Aprel döyüşləri Azərbaycanın siyasi müstəvidə mövqeyini daha da gücləndirdi.

“Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunması cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında yaratdıqları mif dağıdıldı. Aprel döyüşləri Azərbaycanın siyasi müstəvidə də mövqeyini daha da gücləndirdi. Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat keçirmişdir. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləri ilə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi”,- o dedi.

Millət vəkili H.Hüseynova hesab edir ki, Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Rəsmi Azərbaycan bəyan edir ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Dövlət başçımızın Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, “Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, – mən onu bir daha qeyd etmək istəyirəm, – dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.

Ermənistan təxribata əl atır, sülh danışıqlarına maneə yaradır, “yeni ərazilər uğrunda yeni müharibə elan edir”, “Qarabağ Ermənistandır və nöqtə” kimi məntiqə və heç bir əsasa söykənməyən yalanlar uydurur, çirkin planlar hazırlayırdı. Lakin Ermənistan unudurdu ki, indi onun qarşısında güclü, müstəqil və inkişaf edən bir Azərbaycan dayanıb! Dövlət başçısının rəhbərliyi ilə ötən illər ərzində ölkəmizin iqtisadiyyatı möhkəmləndirildi, ordumuzun gücü daha da artırıldı. Azərbaycan Ordusunun güclü texnikası, müasir silahlarımız hər an düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hazır vəziyyətə gətirildi. Aprel döyüşlərindən sonra 2020-ci ildə 44 gün davam edən Vətən Müharibəsi ilə 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. İndi azad Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Uzun illər Vətən həsrəti ilə yaşayan sakinlər öz doğma yurdlarına dönür. O zaman Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikildi. Bu gün isə doğma Şuşada məscidlər abadlaşdırılır.

Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq””-deyə o qeyd edib.

Fərahim Rəhimov