“Araz” marketlərində vaxtı keçmiş mallar satışa çıxarılır.. – Buna görə hansı cəzalar nəzərdə tutulur?backend

“Biz düz 26 ildir müşahidə edirik ki, vaxtı keçmiş məhsulun satışı qadağan olunduğu halda, bir çox istifadəyə yararsız malların son ünvanı yenə də biz alıcılar oluruq”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Araz” marketlər şəbəkəsində vaxtı keçmiş malların satılmasını Poliqon.info-a şərh edərkən qeyd edib.

Dünən yerli mətbuatda “Araz” marketlər şəbəkəsində vaxtı keçmiş şirniyyat məhsullarının yenidən qablaşdırılması və satışa qoyulması ilə bağlı videogörüntülər yayılıb. Təbii ki, bu insan sağlamlığına zərərli olduğu kimi cinayət məsuliyyəti də yaradır.

Bəs Azərbaycanda bu kimi hallara qarşı hansı cəzalar tətbiq olunur və xarab olmuş malların yenidən satışa çıxarılması ilə bağlı dövlət qurumlarının aparığı mübarizə nə qədər effektlidir?

Yararlılıq vaxtı keçmiş malların satışa çıxmasını Poliqon.info-un əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Həmin malları aldığımızı və sağlamlığımıza böyük ziyan verdiyini xatırladan Azad İstehlakçılar Birliyinin sədri bildirib ki, aptek şəbəkələrində növbəyə dayanmağımız da bunun nəticəsidir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda, Nazirlər Kabinetinin 94 saylı qərarında və digər hüquqi sənədlərdə yararlılıq vaxtı keçmiş malların satışı birmənalı şəkildə qadağandır. Əgər istehlakçı 1003 qaynar xəttinə zəng edib yararsız malı hansı dükandan aldığını deyərsə və əgər həmin şəbəkələrdə dövlət orqanları səmərəli fəaliyyət göstərərlərsə, dükanı 1500 manat cərimə gözləyir.

Biz düz 26 ildir müşahidə edirik ki, vaxtı keçmiş məhsulun satışı qadağan olunduğu halda, bir çox istifadəyə yararsız malların son ünvanı yenə də biz alıcılar oluruq. Yəni yararlılıq vaxtı keçmiş malların satışdan çıxma alqoritmi belədir. Marketlər həmin malları satışdan çıxarıb anbara toplayırlar və distrubuterə qaytarırlar. Sonra distrubuter də istehsalçıya qaytarır. İstehsalçı isə onun mümkün qədər dəyişir və yenidən marketlərə göndərir.

Azad İstehlakçılar Birliyi malların bu hərəkət alqoritmindən narazıdır və dövləti bu məsələyə son qoymağa çağırır. Yəni vaxtı keçmiş malların dükandan birbaşa zibilxanaya getməlidir. Xüsusi bir qurum olmalıdır ki, yararsız malları Qida Təhlükəsizlik Agentliyi ilə yığışdırıb məhv eləsin. Əgər Qida Təhlükəsizlik Agentliyi və biznes qurumları istehlakçılara yararlılıq vaxtı keçmiş malları satmaq istəmirlərsə və istəklərində səmimidirlərsə, bu zaman lazım olan proqramı satış şəbəkələrində kompüterlərə yüklətməli və Qida Təhlükəsizlik Agentliyinin serverinə inteqrasiya etməlidirlər. Qida Təhlükəsizlik Agentliyində də baxanda bilirlər ki, hansı dükandan vaxtı keçmiş malların var. Çox təəssüf ki, bu proqramı heç bir yerdə tətbiq etmirlər.

Biz illərdir vaxtı keçmiş malların kütləvi informasiya vasitələrinin iştirakı ilə məhv edilməsini həyata keçirmək istəyirik. Çox az hallarda buna nail olmuşuq. Keçən ilin sonlarında yalnız bir firmanın öz istəyi və Qida Təhlükəsizlik Agentliyinin iştirak ilə iki ayda yüz tona yaxın vaxtı keçmiş mal məhv edildi. Sonra bu təşəbbüsə başqa firma da qoşuldu. Lakin onlarla belə firmalar var və onlar mallarını dəyişirlər. Həmin malları da biz alırıq və sağlamlığımıza böyük ziyan verir. Aptek şəbəkələrində növbəyə dayanmağımız da bunun nəticəsidir.

Bütün bunların qarşısını almaq üçün birinci instehlakçılar diqqətli olmalıdırlar. Yəni istehlakçı belə malları görəndə hərəkət alqoritmi belə olmalıdır. İstehlakçı dükan sahibinə iradını bildirməlidir. Həmin malların satışdan çıxarılması üçün özü iştirak etsə, çox yaxşı olar. Eyni zamanda kassa çəkini saxlamaq və 1003 qaynar xəttinə zəng etmək vacibdir. Həmçinin Azad İstehlakçılar Birliyinə həmin şəxsin ərizəsi daxil olsa, biz böyük media kompaniyası, eləcə də dövlət orqanları ilə iş aparırıq.

Beləliklə də, bunların qarşısını almaq olar. Çox təəssüflər olsun ki, Qida Təhlükəsizlik Agentliyinin ciddi çatışmayan cəhətlərindən biri mediada gedən informasiyanı izləməməsidir. Mən ictimai şuranın iclasında rəhbərliyə dəfələrlə bunu demişəm. Nə qədər ki, Qida Təhlükəsizlik Agentliyi ilə media sıx əlaqədə işləmir bu vəziyyət belə də davam edəcək”.