Arıqlamağın ən təhlükəsiz üsulubackend

Köklükdən nəzarətsiz qurtulmağın fəsadları haqda zaman-zaman deyilib, yazılıb. Əfsus ki, insanlar yenə möcüzə dalınca qaçır, hansısa “qeyri-adi” dərmanların istifadəsinə can atırlar. Bununla da öz həyatlarını ciddi risk altında qoyurlar.

Bu arada sosial mediada sürətlə yayılan yeni trend əsl təhlükə saçır. “Yeni Musavat” Medicina.az-a istinadən xəbər verir ki, izləyici sayı çox olan bəzi sağlamlıq səhifələri gənəgərçək yağı içərək arıqlamağın mümkün olduğu, hətta bu yağın xərçəngi müalicə etdiyi ilə bağlı məlumatlar yayıblar.

Mütəxəssislər isə bunun çox təhlükəli üsul olduğunu, gənəgərçək yağı içənlərin müxtəlif sağlamlıq problemləri yaşayacaqları ilə bağlı xəbərdarlıq edirlər. Onlar qeyd edirlər ki, saç qulluğunda uzun müddətdir istifadə edilən gənəgərçək yağının daxilə qəbulu yolverilməzdir.

Belə ki, bu yağı içənlərin üzləşdiyi ən yüngül simptomlar şiddətli qarın ağrısı və ishaldır. Qəbul edildikdən sonra gənəgərçək yağı prostaglandin reseptorlarını aktivləşdirir, məzmunu tam həzm etməyə və bərk nəcis əmələ gətirməyə vaxt vermədən nazik bağırsaqda daralmalara səbəb olur. Mütəxəssislərə görə, gənəgərçək yağı bağırsaqda mayenin udulmasına mane olur və bağırsaq hərəkətlərini sürətləndirir. Belə vəziyyət orqanizmin qidalanmasına mane olaraq bədəndə susuzluğa və elektrolit balansının pozulmasına gətirib çıxarır.

Bu yağı içməyin uzunmüddətli istifadəsi zamanı əks təsirlər daha dəhşətli ola bilər. Ona görə də onu içməkdən çəkinmək lazımdır. Həkimlər həmçinin vurğulayır ki, gənəgərçək yağının arıqlatdığı və ya xərçəng kimi ciddi xəstəliklərə təsir etdiyinə dair heç bir elmi sübut yoxdur.

Bəs təhlükəsiz arıqlamağın ən yaxşı, ən optimal üsulu, yolu varmı? Bu zaman buraxılan əsas səhvlər hansılardır? Dərmansız arıqlamaq mümkünmü? Nəhayət, atıq çəkidən xilas olmaq üçün ilin hansı mövsümü daha əlverişli və ya münasib sayılır – yay, yoxsa?

Mövzu ilə bağlı həkim-diyetoloq Ləman Süleymanova “Yeni Müsavat”a danışıb: “Piylənmə müasir dövrümüzün ən qlobal problemlərindən biridir. 15-20 il öncə çəki problemi o qədər də qlobal deyildi. Lakin son illərdə dünyada çəki artımından əziyyət çəkən insanların sayı artıb. Çünki 20-25 il əvvəl insanlar daha orqanik qidalanırdı, qidaların tərkibində kimyəvi maddələr daha az idi. Hətta artıq çəki problemi olan insanlar belə bunun o qədər də fərqinə varmır, stress yaşamırdılar. Lakin illər ötdükcə, dünya müasirləşdikdə insanlar artıq öz vücud gözəlliyinin fərqinə varmağa, artıq çəkidən xilas olmağa çalışmağa başladı”.

Ləman Süleymanova qeyd edib ki, tərkibində kimyəvi maddələrin çoxluq təşkil etdiyi qidalar, iqlim, təbiət, digər nüanslar insanın metabolizmini zəiflədir:

“İlk olaraq insanın özü öz metabolizmini zəiflədir. Belə ki, düzgün qidalanmır, sağlam həyat tərzi sürmür, oturaq işlə məşğul olmaqla yanaşı, gec saatlarına qədər oyaq qalır, sonra yatır və yalnız günorta saatlarında ayılır. Bu cür insanlar daha passiv, metobolizmi çox zəif olur, daha qısa ömür sürür. Həmçinin həzm prosesi çalışmır, nə yeyirlər hamısı piy deposuna  ötürülür, nəticədə qanda xolesterin artır, qaraciyərdə piylənmə, mədədə problemlər yaranır və sairə.

Çox təəssüf ki, müasir dövrümüzdə bu kateqoriya insanlar çoxluq təşkil edir.

Əlbəttə ki, piylənmənin  səbəbləri müxtəlifdir. Məsələn, bir qisim insanlar düzgün qidalanmır, səhər yemir, amma axşam davamlı olaraq yeyir.

Çox maraqlıdır, çəki alarkən bunun fərqinə varmırlar, yalnız son məqamda güzgüyə baxırlar ki, xeyli çəki alıblar. Onları qəflət yuxusundan oyanmağa məcbur edən də ətrafdakı insanların replikalarıdır. Beləliklə, depressiyaya qapılır və tez bir zamanda artıq çəkidən xilas olmağa çalışırlar. Amma təbii ki, bu, mümkünsüzdür.

Buna görə də sosial şəbəkələrdə heç bir diplomu olmayan insanlar, sosial şəbəkə fenomenləri və sairə biznes məqsədi ilə yalan profillər açaraq dələduzluq edir, adlarının qarşısına dieotoloq, həkim yazırlar və tez bir zamanda arıqlama vədi ilə təhlükəli kokteyllər, çaylar satırlar.

İnsanlar da düşünür ki, klinikaya getməkdənsə bu çaylardan, kokteyllərdən istifadə edərək, tez bir şəkildə arıqlaya bilərlər. Amma fərqinə varmırlar ki, içdikləri həmin zəhərli maddələr bütün orqanlara dağıdıcı zərbə vurur, xanımlarda çox ciddi ginekoloji problemlər yaradır. Bəzən qız uşaqları həmin çayları, kokteylləri çox qəbul etdikdə sonsuzluq təhlükəsi ilə üzləşirlər.

Bəzən görürük ki, xüsusən də 30-35 yaşında gənc kişilər ürəyinə stend qoydururlar, çünki düzgün qidalanmayıb, yediyi qidaların tərkibindəki zəhərlər depolaşıb və problem yaradır.

Gənəgərçək yağının özü doymamış yağ turşularına aiddir, yəni bitki yağıdır.  Əlbəttə ki, hər bir yağın öz faydası və zərəri var. Lakin hansısa yağ, həb insanı arıqlatmır, bu, mümkün deyil. Gənəgərçək yağı kosmetoloji proseduralarda dərinin elastikləşməsi ilə bağlı istifadə olunur. Bəzi hallarda bağırsaqda problem, babasil olanda düyünlər çəkilir. Hətta qəbzi olan insanlara müraciət edirəm ki, belə üsullardan istifadə etmək məsləhət deyil, çünki müvəqqəti olaraq müsbət təsir edir, amma sonra bağırsaq daha da passivləşir. Ona görə də heç bir qida,  çay insanı arıqlatmır. Bunun üçün peşəkar həkimə müraciət etmək lazımdır. Peşəkar həkim əvvəlcə pasiyenti müayinələrdən keçirir, kökəlmənin səbəblərinin araşdırır, bundan sonra xüsusi fərdi müalicə proqramı təyin olunur.

Hər bir insanın özünə xas fizioloji xüsusiyyətləri, genetik xəstəlikləri və yaxud xəstəlikdən sonra müalicə prosesləri var. Biz həkim olaraq pasiyenti qəbul edəndə hərtərəfli müayinə edir, testdən, analizdən keçirir, daha sonra müalicəyə  başlayırıq. Amma sosial şəbəkələrdə hamıya eyni pəhrizi verirlər. Ola bilər ki, həmin pəhriz sayəsində insan əvvəldə 5 kq çəki atsın, amma müəyyən vaxtdan sonra çəki ikiqat artmağa başlayır və başqa problemlərə gətirib çıxarır”.

Ləman Süleymanova görə, uzun müddət ac qalmaqla arıqlamaq çox təhlükəlidir:

“Müəyyən bir müddət lazımdır ki, sağlam şəkildə bu çəkini atasan. Uzun illər yığılan çəkini bir anda atmaq sağlamlığa ciddi ziyan vura bilər. Ac qalmaqla pəhriz olmaz. İnsan orqanizminin tələb etdiyi mikroelementlər var ki, gün ərzində qəbul etdiyimiz qidaların tərkibində bunlar orqanizmə daxil olur. Kərə yağı, duz, ət, çörək və s. bütün bunlar hamısı yeyilməlidir. Biz, sadəcə, bu proqramı balanslaşdırırıq”.

Həkimin fikrincə, dərman preparatlarından qəti şəkildə istifadə etmək olmaz: “İstənilən arıqlama dərmanlarının tərkibində asılılıq yaradan xüsusi narkotik maddələr var. Kokteyllərdən tutmuş digər preparatlara qədər hər birinin tərkibində bu maddə var və zamanla insan orqanizmini zəhərləyir. Nəticədə, xərçəng xəstəliyi və ağlınıza gələcək ən qorxunc xəstəliklər, hətta ölümlə sonlana bilər. Heç yerdə qeyd edilməsə də, həmin maddə ”maxuan ephedra” adlanır. İnsan orqanizmində müxtəlif problemlər yaradır, xüsusilə də qadınlarda rast gəlinən bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bu məsələ araşdırılsa, görərsiniz ki, həmin qadınların 90 faizi bu arıqlama preparatlarından istifadə edib”.