Artıq dördüncü ildir ki, Kəlbəcər düşmən tapdağından birdəfəlik azaddırbackend

Möhtərəm Prezidentin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günüdür.
Erməni silahlı birləşmələrinin Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməyə məcbur edilməsindən dörd il ötür. Artıq dördüncü ildir ki, Kəlbəcər düşmən tapdağından birdəfəlik azaddır.
Hər kəsə bəllidir ki, Kəlbəcər mürəkkəb coğrafi relyefə malik bir ərazi olduğu üçün qış dövründə burada hansısa hərbi əməliyyat faktiki mümkünsüzdür. Əlbəttə, Ordumuzun qələbəsinə şübhəmiz yox idi, lakin o da aydın idi ki, Kəlbəcər minlərlə şəhidin həyatı bahasına azad olunacaqdı. Bu mənada, hərbi əhəmiyyətli yüksəkliklərdə 30 il ərzində möhkəmlənmiş Ermənistanı bir güllə atılmadan, kapitulyasiya şərti kimi Kəlbəcərdən çıxmağa məcbur etməklə, Prezident İlham Əliyev dünya hərb tarixində müstəsna bir səhifə açmış oldu. Onun hərbi və diplomatik müstəvidə çevik və sərrast addımları faktiki olaraq İrəvanı bütün imkanlardan məhrum etdi. 2022-ci il, Zəfər Günündə Şuşada verdiyi bəyanatda da cənab Prezidentin dediyi kimi, “İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik”.
Ümumiyyətlə, Kəlbəcərin azadlığı Azərbaycan və şəxsən Müzəffər Ali Baş Komandan üçün prinsipial məsələ idi. Cənab İlham Əliyev açıq şəkildə Kəlbəcər rayonunun işğal altına düşməsini böyük faciə hesab edirdi. Çünki Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Sovet dövründə “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Bu mənada, Kəlbəcərdə Azərbaycanın nəzarətinin bərpa olunması, həm də beynəlxalq hüquqla tanınan ərazilərimizdə separat meyillərin və terrorçuların gələcək taleyini köklü həll edən strateji əhəmiyyətə malik siyasi qələbədir.
Kəlbəcərdə böyük sürətlə quruculuq-bərpa prosesi davam edir. Kəlbəcərlilərin layiqli həyat şəraiti və qayıdışının təmini üçün dövlət bütün lazımi addımları atmaqdadır. Cənab İlham Əliyevin dediyi kimi, “biz buraya qayıtmalı idik və qayıtdıq. Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq”.

Bəhruz Məhərrəmov,

Milli Məclisin deputat