Əhalinin “ASAN xidmət” kimi tanıdığı mərkəz, əslində, ingiliscəsinə məxsus olan abreviaturasına (sözlərin baş hərflərini saxlamaqla yaradılan mürəkkəb qısaltmalar) istinadən “ASAN” adlandırılır. İngilis dilində Azerbaijan Servise and Assessment Network kimi səsləndirilən mərkəzin dilimizdə qarşılığı belədir: Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi. Ancaq ölkədə hamı onu “ASAN xidmət” adlandırır. Yaradıcısına əhsən! Bu genişzolaqlı şəbəkə Azərbaycanın dövlət qurumları tərəfindən bir çox xidmətləri həyata keçirir. Ədalət naminə bu məqamda onu da qeyd etmək lazımdır ki, son onillikdə yaradılmış şəbəkə əhalinin məmnunluq hissini qazanıb. “ASAN xidmət” mərkəzləri operativ xidmət göstərdiyindən vətəndaşlar, adətən, razı qalırlar. Vətəndaşlar söhbətgedən qurumun adındakı “ASAN” sözünə (həm də sözün tam lüğəvi və həqiqi mənasında) inanaraq hər gün həmin mərkəzlərə axın edirlər. Çünki orada işlər asan, rahat və operativ həll olunur(malıdır).
Mən də çoxları kimi, asan bir hüquqi aktı realizə etməkdən ötrü 4 saylı “ASAN xidmət” mərkəzinə müraciət etdim. Çox təəssüf ki, asan işim çətin oldu. Asan işi də, onun ətrafında yaranmış çətinliyi də təfəfərrüatı ilə əlaqədar qurumların diqqətinə çatdırmaq istərdim ki, buna bir asan əncam etsinlər. Asan əncam ona görə deyirəm ki, bu məsələlərin həlli qırx qapıda yox, bir pəncərədə həll edilməlidir, necə ki, adıçəkilən mərkəzdə bir çox müşküllər asan və sürətlə həll olunur. Rastlaşdığm proseduru təsadüfən ictimailəşdirmir və əlaqədar qurumların diqqətinə çatdırmıram. Əminəm ki, bu, istisna hal deyil. Məsələ belədir: bu günlərdə ailəmizin yeni üzvünü yaşadığımız ünvana daimi pasport qeydiyyatına saldırmaq üçün 4 saylı “ASAN xidmət” mərkəzində oldum. Müvafiq proseduru keçəndən sonra lazımi sənədləri-şəxsiyyət və mülkiyyətimdə olan mənzilin qeydiyyat vəsiqələrini növbəm çatanda mərkəzin əməkdaşına təqdim edərək, ailə üzvümüzün məlum ünvana qeydiyyata salınacağını bildirdim. Mərkəzin əməkdaşı şəxsiyyət və mənzilin qeydiyyat vəsiqələrini üzləşdirərək bildirdi ki, hüquqi aktı reallaşdıra bilməyəcək. Səbəbini soruşduqda dedi ki, mənzilin qeydiyyat vəsiqəsində soyadım İsmayılov, şəxsiyyət vəsiqəmdə isə “ov” sonluğu olmadan İsmayıl yazılıb. Mən də izah etdim ki, soyadımı yeniləmişəm. Mənzilin qeydiyyat vəsiqəsi 1999-cu, şəxsiyyət vəsiqəsi 2004-cü ildə alınıb. Mərkəzin əməkaşının inadkarlığı məni söhbətgedən qurumun səlahiyyətli şəxslərindən birinin qəbuluna getməyə məcbur etdi. Həmin şəxs mənim bilmədiyim, ancaq özünün etibar etdiyi bir neçə mötəbər mənbə ilə telefon vasitəsilə danışaraq, mənim İsmayıl Xeybər Həmzə oğlu olduğum barədə dəqiqləşdirmə apardı. Bu araşdırmalardan sonra soyadımdakı düzəlişi ilkin sənəd kimi özündə qoruyub saxlayan doğum şəhadətnaməsini tələb etdi. Belə ki, doğum şəhadətnaməsində İsmayıl soyadına inanılması barədə müvafiq qeyd aparılmış və möhür vurulub. Beləliklə, yeni ailə üzvümüzün yaşadığımız ünvana daimi pasport qeydiyyatı həll olundu. Yeri gəlmişkən qeyd edim ki, soyadımdakı “ov” sonluğundan imtina edəndən sonra aradan keçən iyirmi il müddətində heç bir əngəllə rastlaşmamışdım. 4 saylı “ASAN xidmət” mərkəzində rastlaşdığım olaydan sonra mənzilimin qeydiyyat vəsiqəsindəki soyadımı şəxsiyyət vəsiqəsi ilə eyniləşdirmək qərarına gəldim. Aradan bir-iki gün keçəndən sonra yenidən 4 saylı “ASAN xidmət” mərkəzinə müraciət etdim. Bax, elə həmin vaxt ”ASAN xidmət”in imicinə xələl gətirən prosedurla üzləşdim. Bir-iki gün əvvəl olduğum xidmət şəbəkəsinin əmlak məsələlərinə aid hüquqi aktlar reallaşdırılan bölməsindəki pəncərələrdən birinə yaxınlaşdım. Bölmə və mərtəbə fərqli olsa da, eyni sənədləri – mənə məxsus mənzilin qeydiyyat vəsiqəsini, şəxsiyyət vəsiqəmi və doğum şəhadətnaməsini qurumun əməkdaşına təqdim etdim. Bu dəfə adıçəkilən qurumun əməkdaşı sənədlərin fərqli olduğunu, bir-birinə uyğun gəlmədiyini bildirdi. Uyğunsuzluğun nə olduğunu soruşduqda nə desə yaxşıdır? Bildirdi ki,doğum şəhadətnaməsində atanızın adı Həmizə, şəxsiyyət vəsiqəsində Həmzə yazılıb. İzahat verməyə başladım, amma nə fayda. Bildirdim ki, doğum şəhadətnaməsini ötən əsrdə kənd sovetində çaılışan, güc-bəla ilə yalnız adını yaza bilən “katiblər” yazıblar. Həmzə adında “i” hərfi yazılmalı deyil. Başqa nümunələr də söylədim, üzərimdə olan digər sənədləri göstərdim ki, Həmzə yazılmalıdır, xeyri olmadı. Tənbəllik etməyib bir neçə gün əvvəl qəbulunda olduğum məsul şəxslə yenidən görüşməli oldum. Bu canı sağ olmuş da eləmə tənbəllik, yenidən o yer qalmadı zəng etməsin, evi tikilmiş elə bil residevist axtarırdı. Amma axtarışı hədər getmədi. Sözün düzü, mənzilin qeydiyyat vəsiqəsində soyadında düzəliş etməyi elə həmin şəxs məsləhət bilmişdi. Dedim axı, onun axtarışı nəticə verdi. Ortaya daha bir “uyğunsuzluq” çıxdı. Bu “uyğunsuzluq” mənim üçün “evrika” deyildi. 1970-ci ildə Sevdimalıyev soyadımı atam dəyişdirib İsmayılov yazdırmışdı. Aparılan müasir “arxeoloji” araşdırma İsmayılov soyadı ilə təkrar alınmış doğum şəhadətnaməsinin “kötüyünü” aşkar edə bilmədi, başqa sözlə desək, bazada (yəqin elektron baza nəzərdə tutulur) tapa bilmədi. Bu məqamda onu da aydınlıq üçün bildirim ki. Sevdimalıyev soyadı atama məxsusdur. Bunu mənə məxsus doğum şəhadətnaməsi və digər rəsmi sənədlər də təsdiqləyir.Mənə 1970-ci ildə verilmiş doğum şəhadətnaməsi kiril əlifbası ilə yazılmış və təkrar (dublikat) olduğu üçün dəyişiklik möhürlə təsdiqlənib. Bəs, 4 saylı “ASAN Xidmət” əməkdaşlarının mənim İsmayıl soyadına və atamın adının mənə məxsus doğum şəhadətnaməsində Həmizə, şəxsiyyət vəsiqəmdə Həmzə yazılmağına şübhə etmələri nə qədər doğru qəbul oluna bilər? Bu məqamda adam əlini-əlinə vurub qəhqəhə çəkmək istəyir. Qəhqəhə demişkən, o gündən düşüb yadıma. Bu olmuş əhvalatı qəbulunda olduğum cənaba da söyləcəkdim, amma fürsət olmadı. Ürcah olduğum olaylarla səsləşən indi yazacağım əhvalat doğulduğum və iki dəfə doğum şəhadətnaməsi aldığım Qubadlı rayonunda baş verib. Qubadlılılar danışır ki, Qubadlı Rayon Təmir-Texnika Stansiyasında (sovet dönəmində el arasında “RTS” kimi tanınırdı) işləyən mühasibin ona görüm-baxım etməyən bir fəhlə ilə arası yox imiş. Mühasib fürsət düşən kimi həmin fəhləyə torba tikirmiş. Mühasib soyuq yanvar günlərinin birində gözügötürmədiyi fəhlədən elə həmin gün ailə tərkibi haqqında arayış tələb edir. Ucqar dağ kəndində yaşayan fəhlə bildirir ki, sabahda-birigündə gətirər. Mühasib təkid edir ki, əməkhaqqı cədvəli işləyir, arayışı bu gün gətirməsə ilboyu ondan subaylıq vergisi tutulacaqdır. Əlacı kəsilən fəhlə 15-20 manatından keçib qarlı-şaxtalı havada traktorla kəndlərinə getməli olur. Kənd sovetindən ailə tərkibi haqqında arayış alıb, günortadan sonra mühasibə çatdırır. Mühasib arayışın ora-burasına baxır, birdən qayıdır ki, arayış səhv yazılıb. Fəhlə : “Nə səhv yazılıb?” – deyə dillənir. Mühasib deyir: “Bax, eşit, oxuyuram: Arayış verilir filankəsov filankəs filan oğluna.Ondan ötrü ki, onun ailə tərkibi altı nəfərdən ibarətdi”. Fəhlə: – Ffilankəs dayı, düz yazıb da, biz ailədə altı nəfərik. Mühasib : “Mən demirəm ki, altı nəfər deyilsiniz, ancaq ibarətdir sözünü səhv yazıb, “r” hərfini yazmayıb, gərək aparıb dəyişdirəsən”. Deyirlər ki, mühasib heç vaxt hörmət-izzətini görmədiyi fəhləni elə həmin soyuq qış günündə təkrar arayış dalınca uzaq dağ kəndinə getməyə məcbur edir. İndi 4 saylı “ASAN xidmət” mərkəzi mənə məhkəməyə müraciət etməyi məsləhət bilir. Bu işlər məhkəməlik idisə, elə ilk gündən deyərdiniz, mən də asanlıqla məhkəməyə üz tutardım. Yenə siz deyin, bu, asan işi bilə-bilə çətinliyə salmaq deyil, bəs nədir?
Bu olaylar zamanı “bir dəli, bir quyu, bir daş məsəli” də yaddaşımda assosiasiya olundu. Nəinki ötən əsrdə, lap günü bu gün də bir çox rəsmi sənədlərimiz zəlzələdən və ya vəlvələdən orfoqrafik səhvlərlə doludur. Həmin səhvləri düzəltmək əvəzinə,əksinə feodal-patriarxal düşüncənin gülüşdoğuran mühafizəkarlığı ucbatından onları heç bir əsas olmadan, mənasız yerə gələcəyə daşıyırıq.Elə antroponimlərin (şəxs adları) yazılışından nümunə gətirək. Əlağa, Rafail və başqa onlarla şəxs adlarının bir neçə variantda yazıldığının şahidi oluruq.
“ASAN xidmət” şəbəkəsində hər şey yenidir. Şəbəkəyə məxsus binalar təzə, binaların arxitektonikası fərqli, texniki avadanlıqları müasir, şəxsi heyətin əksəri müstəqillik dövründə anadan olan və çağdaş dünyagörüşünə yiyələnmiş gənclərdir.
Xeybər Göyyallı