Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayan kimi anti-Azərbaycan qüvvələri növbəti dəfə “hərəkətə” keçdi. Erməni lobbisinin diktəsi ilə hərəkət edən AŞPA təmsilçiləri təşkilatın təməl prinsiplərinə ziddi olaraq ancaq qaralama, gözdənsalma kampaniyasına köklənib. İndiki reallıqda AŞPA kimi beynəlxalq bir təşkilat üçün bütün bəşəri dəyərlər belə ayaq altına alınıb. Məqsəd onların dedikləri ilə oturub-durmayanları “cəzalandırmaq”dır. Bunu bacarmadıqda isə qarayaxma kampaniyası ilə öz istəklərini reallaşdırmağa çalışırlar.
Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, sentyabrın 30-da AŞPA-nın payız sessiyasının ilk günündə Azərbaycanla bağlı məsələlərin daxil edilməsi məhz bu reallığın bariz nümunəsidir: “Bəzi AŞPA təmsilçiləri xüsusən də Gürcüstan nümayəndəsi Givi Mikanadze Azərbaycan heyətinin iştirakı olmadan müzakirələrin məqsədəuyğun olmadığını bildirsə də, ona məhəl qoyan olmayıb. Mikanadze bu vəziyyətin müzakirəsi üçün Azərbaycanın yeni seçilmiş parlamentinin nümayəndələri ilə birbaşa əlaqə qurmağı təklif etsə də onun təklifi dəstəklənməyib. Çünki məqsəd birtərəfli qaydada öz çirkin planlarını həyət keçirmək üçün əllərinə düşmüş meydan və imkanlardan yararlanmaq olub. Beləliklə, AŞPA təmsilçiləri növbəti dəfə erməni lobbisinin sifarişlərini icra etməyə davamn ediblər”.
Millət vəkili bildirib ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda məhz bu mötəbər təşkilatın köməyi ilə pozulan hüquqlarının bərpa olunacağına ümid edirdi: “Amma 30 ilə yaxın Azərbaycan ərazilərinin işğalda saxlanılmasına AŞPA ancaq növbətçi bəyanatlar verməklə kifayətləndi. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyünü, suverenliyini təmin etdikdən sonra ölkəmizə qarşı təzyiqlər başladı. AŞPA-da almaniyalı deputat Frank Şvabe kimiləri ermənidən daha çox ermənilik etməklə beynəlxalq hüququ bir kənara atıb Azərbaycanla açıq düşmənçilik siyasəti həyata keçirməyə başladı”.
Məlahət İbrahimqızı hesab edir ki, AŞPA bu gün dərin böhran içərisindədir: “Bir qrup şəxs bu təşkilatda öz maraqlarına uyğun hərəkət edir. Hazırda AŞPA-nın sessiyaları Ermənistan parlamentindən fərqlənmir. Çünki Parlament Assambleyasının sessiyalarında ancaq Ermənistan və onun müdafiəsi ilə bağlı məsələlər gündəmdə olur. Bu da erməni lobdisinin istək və arzularından qaynaqlanır. Ona görə də, bu gün öz nüfuzuna ciddi zərbə vurmuş AŞPA kimi təşkilatların Azərbaycana qarşı qəbul etdiyi “bəyanatların” heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz haqq işində uğurla irəliləyir. Ölkəmizin atdığı bütün addımlar beynəlxalq hüququn aliliyinə əsaslanır. Şvabe kimilərinin erməni ağzı ilə səsləndirdiyi fikirlər isə mövsümi xarakter daşıyır”.