Sabah Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə idman növlərindən biri olan Çövkən oyununa həsr olunmuş tədbir keçiriləcək.
”Yeni Gundem” xəbər verir ki, tədbirdə Qarabağ atlarının bu il Böyük Britaniyada nümayiş etdiyi möhtəşəm şou nömrəsi və komandalar arasında iki maraqlı oyun keçiriləcək. Keçiriləcək oyunlar püşkatma əsasında müəyyən edilib.
Qeyd edək ki, Çövkən, əsrlər boyu Azərbaycan xalqının qonaqpərvərliyi və tolerantlığı ilə seçilən tarixi və mədəni irsinin ayrılmaz bir parçasıdır. XII əsrdə böyük şair və filosof Nizami Gəncəvi özünün məşhur “Xosrov və Şirin” poemasında Çövkən oyununu təsvir edib. O dövrdən başlayaraq, Çövkən Asiya, Avropa və Amerika qitələrində geniş yayılmış və müasir atüstü oyunların əsası kimi tanınıb.
2013-cü ilin dekabrında Çövkən, YUNESKO tərəfindən təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs nümunəsi kimi tanınıb. 2013-2014-cü illərdə Bakı şəhərində təşkil olunan Arena Polo üzrə Dünya Kuboku yarışları “Polo Vətənə qayıdır” və “Polo Vətənini tanıdır” devizləri altında keçirilib. Bu il fevralın 2- də isə ölkəmizdə Beynəlxalq Çövkən Federasiyası təsis edilib.