Avqust ayının 28-də Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilibbackend

Mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib.Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə “Yeni Gundem”-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Mərasimlərdə çıxış edənlər gənc əsgərlərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini bildirib, onlara sərhədçi peşəsini dərindən mənimsəməyi, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Tədbirdə vətənə sədaqət andı içərək ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətən sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulanıb.

Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə andiçmə mərasimləri başa çatıb.

Andiçmə mərasimləri başa çatdıqdan sonra valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.