Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi üzvlərinin birgə iclası keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova-nın “Yeni Gundem”-e məlumat verib.
Nazirliyin rəsmisinin bildirdiyinə görə, yığıncaqda əsas müzakirə mövzusu Olimpiya Festivalında Azərbaycanın bayraqdarının müəyyən edilməsi olub. İştirakçılar seçimdə cüdoçu, 15 yaşlı Vüqar Talıbova üstünlük veriblər. İyulun 21-də keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində Azərbaycanın bayrağını məhz o daşıyacaq.
Qeyd edək ki, Vüqar Talıbov 11 avqust 2003-ci il təvəllüdlüdür. 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi, Avropa Kubokunun sahibi, eləcə də Afrika Kubokunun gümüş və Asiya Kubokunun bürünc mükafatçısıdır.
Bakıda təşkil ediləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb, 27-də yekunlaşacaq. Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya Festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllünün fəaliyyət göstərəcəyini də qeyd edək.