Avropa İttifaqının Azərbaycana qarşı qərəzli və birtərəfli yanaşmalarına son qoyulmalıdır. Bu təşkilat ölkəmizə qarşı ədalətsiz bəyanatlarını dayandırmalıdır. Azərbaycan tərəfi haqlı olaraq Aİ-nin bu mövqeyini özünün daxili işlərinə müdaxilə kimi qiymətləndirir.
Bunu YAP Təftiş Komissiyasının üzvü, VI çağırış Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) ictimai bəyanatı tamamilə əsassızdır: “Bu bəyanata dair Avropa İttifaqının 11 sentyabr tarixli çıxışı isə heç bir məntiqə uyğun deyil. Sözsüz ki, Avropa İttifaqının yenidən bu ictimai bəyanata istinadən qərəzli açıqlamalar verməsi heç bir hüquqa sığmır. Bu açıq şəkildə Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasının tərkib hissəsidir”.
YAP Təmsilçisi hesab edir ki, Aİ-ı Azərbaycana qarşı əsassız bəyanatlarla çıxış etmək əvəzinə üzv dövlətlərdə insan hüquqlarının pozulması hallarına diqqət ayırsın: “Bu gün Fransada olanlar dünyanı hiddətə gətirir. Vaxtilə Fransada “sarı gödəkçələr” aksiyasında etirazçıların öldürülməsi faktlarına belə Avropa İttifaqı heç bir reaksiya verməmişdi. Eyni zamanda rəsmi Parisin neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr davam etdiyi halda qurum hələ də bu faktları görməzdən gəlir”.
Məlahət İbrahimqızına görə, Aİ-nin himayədarlıq etdiyi Ermənistanda bu gün insanların fundamental hüquq və azadlıqlarının pozulur: “Bu ölkədə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə Aİ-ı biganə yanaşır. Sözsüz ki, bütün bunlar məhz ikili standartların bariz nümunəsi hesab edilir. Bu kontekstdə Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilədir. COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyası ölkəmizə qarşı qərəzin açıq-aşkar nümunəsi kimi dəyərləndirilir”.