“Avropa İttifaqının Azərbaycanla bağlı bəyanatı ədalət adına utancdır” – AÇIQLAMAbackend

“Avropa İttifaqının Azərbaycanla bağlı bəyanatı ədalət adına utancdır”.

Bunu “Yeni Gundem”-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Birliyinin sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bəyanat tamamilə yalan və böhtan üzərində qurulub ki, bu da ölkəmizə qarşı qərəzli münasibətin göstəricisidir:

Avropa İttifaqının 18 oktyabr tarixində ölkəmizlə bağlı qəbul etdiyi bəyanat, bu bəyanatda yer alan iddialar tamamilə absurddur və bunun Azərbaycan reallqları ilə heç  bir əlaqəsi yoxdur. Məlum bəyanat sadəcə Avropa İtifaqının Azərbaycana qarşı nə qədər qərəzli, riyakar və ədalətsiz mövqe tutduğunu, Qərbdə bir çox ölkənin bu gün də  erməni yalanlarına ciddi dəstək verdiyini göstərir.

30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinə kor olan, Qarabağda qətlə yetirilən minlərlə günahsız insanın faciəsini görməyənlərin, indi Qarabağı könülü tərk edən ermənilərə görə bu cür narahatlıq keçirməsi heç cür anlaşılan deyil. Görünür, Avropa İttifaqı, habelə, demokratiyadan, ali insani dəyərlərdən, ədalətdən bəhs edən Qərb dövlətləri bütün bu dəyərlərə öz maraq və mənafelərindən yanaşır. Onlar hesab edir ki, ədalət də, demokratiya da, insani dəyərlər də ancaq bəzi dövlətlərə münasibətdə tətbiq olunmalıdır. Halbuki, Azərbaycan ermənilərə qarşı nə müharibə, nə də post-müharibə dönəmində heç bir anti-insani mövqe sərgiləməyib.

Düşünürəm ki, Avropa İttifaqı bu bəyanata yenidən baxmalı, Azərbaycana münasibətdə necə gülünc, rüsvayçı, ikrahedici mövqe sərgilədiyini görməlidir. Sözügedən qurum anlamalıdır ki, bu cür bəyanatlar sadəcə onun öz nüfuzuna kölgə salır, Avropa İttifaqının ədalətinə olan ümidlərin üstündən xətt çəkir”.