Aygün Aydın: “Hər bir vətəndaş öz çalışdığı sahədə Vətənə, millətə, dövlətə ləyaqətlə xidmət etməlidir”backend

Keçən ilin sonlarından yayılmağa başlayan və günümüzdə demək olar ki, bütün dünyanı təhdid edən koronavirus pandemiyasının ciddi ziyan vurduğu sahələrdən biri də toy biznesi oldu. Bu ilin mart ayından ölkədə tətbiq edilən karantin qaydaları toy mərasimlərinin keçirilməsinə qadağa qoydu. Təbii ki, bu qadağalardan ən ciddi ziyan görən isə sənətçilər, müğənnilər oldu.

Toylara tətbiq edilən qadağalar onların gəlirlərinə əsaslı dərəcədə təsir göstərdi. Elə buna görə də bir çox sənətçilər karantin səbəbindən toylara tətbiq edilən qadağalardan gileyləndilər. Ancaq mövcud şəraitlə razılaşan, bu prosesin qlobal miqyasda baş verdiyini qəbul edən sənətçilərimiz də az deyil. Necə ki, tanınmış pop-estrada müğənnisi Aygün Aydın kimi. “OLAYLAR”-a verdiyi müsahibədə Aygün Aydın istər karantin qaydalarının onların fəaliyyətinə təsiri, istər sənət aləmindəki tutduğu mövqe, istərsə də sənətçi kimi qazandığı nailiyyətlərdən danışıb.

-Aygün xanım, əvvəla ilk sualım ondan ibarətdir ki, bütün dünyanı bürüyən koronavirus pandemiyası bir sənətçi kimi sizin fəaliyyətinizə hansı mənfi təsirləri göstərdi?

-Sözsüz ki, koronavirus pandemiyası bütün sahələr kimi, biz müğənnilərin fəaliyyətinə də təsirsiz ötüşmədi. Hər kəs bilir ki, bizim yeganə qazancımız, gəlir mənbəyimiz el şənliklərindən. Toylardan olur. Koronavirus pandemiyası səbəbindən el şənlikləri, toylara tətbiq edilən qadağalar sözsüz ki. Bizim qazancımıza da mənfi təsirini göstərdi. Öz günlük həyatımızda, sosial çətinliklər fonunda bunu hiss etdik. Ancaq düşünürəm ki, səbr etmək, gözləmək lazımdır. Çünki bu problem təkcə Azərbaycan üçün xarakterik deyil və bütün dünyada eyni proses gedir. Ümid edirəm ki, tezliklə bu problemin öhdəsindən gələ biləcəyik və nəticədə əvvəlki qaydada el şənlikləri, toylar keçiriləcək. Bunun üçün vətəndaş olaraq üzərimizə düşən yeganə vəzifə tətbiq edilən karantin qaydalarına əmək etmək, bununla da həm özümüzü, həm də ətrafımızı, yaxınlarımızı, doğmalarımızı qorumaqdır.

-Toylar üçün darıxmamısınız?

-Təbii ki, hər kəs el şənlikləri, toylar üçün darıxır. Həmçinin mən də. Ancaq o məna anlaşılmasın ki, sırf maddiyat üçün bu fikirdəyəm. Sadəcə xoş günlər, şənliklər, mərasimlər insanlarda bir ruh yüksəkliyi, sevinc, fərəh hissi yaratdığı yenidən o günlər üçün darıxdığımı deyə bilərəm. Ümumiyyətlə götürəndə isə, toy həmişə var. Allah millətimizə həmişə el şənlikləri, toy qismət etsin. İndiki məqamda isə yuxarıda qeyd etdiyimiz kimi hamılıqla çalışıb bu problemdən, pandemiyadan yaxa qurtarmaq barədə düşünməliyik.

-Sizin fəaliyətinizdə, yaradıcılığınızda daha çox vətənpərvərlik. Vətənə, dövlətə, millətə bağlılıq özünü açıq şəkildə göstərir. Müntəzəm olaraq hərbi hissələrdə olur, əsgər və zabitlərimiz üçün konsert proqramı ilə çıxış edirsiniz. Bununla özünüzdə bir rahatlıq, yüngüllük hiss edirsinizmi?

-Təbii ki, bir sənətçi olaraq müxtəlif hərbi hissələrdə əsgər və zabitlərimizlə keçirdiyim hər bir görüş mənim üçün yaddaqalandır, qürurvericidir. Onlar əldə silah Vətənə xidmət edirlər, mən də öz sənətimlə, fəaliyyətimlə az da olsa onlara dəstək verməyə çalışıram. Düşünürəm ki, bu bizim hər birimizin borcudur. Əgər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev heç nədən ehtiyyat etmədən, qorxmadan düşmənlə üz-üzə olan mövqelərimizə gedir, igid oğullarımız, əsgər və zabitlərimizlə görüşürsə, o zaman biz nədən qorxmalıyıq və nə üçün Cənab Prezidentdən nümunə götürməməliyik?. Hesab edirəm ki, hər bir vətəndaş öz çalışdığı sahədə Vətənə, millətə, xalqa, dövlətə ləyaqətlə xidmət etməlidir.

-Bilmək olar, neçə ildir bu sahədə çalışırsınız?

-15 ildən çoxdur ki, öz sənətimlə Vətənə, millətə, hərbiçilərə qulluq, xidmət edirəm. Və bu fəaliyyətimlə də fəxr edirəm. Çünki bu gün hərbiçilər, eyni zamanda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onların ailə üzvlərinin daha çox dəstəyə, köməyə ehtiyacı var. Düzdür, Azərbaycan dövləti, dövlət başçısı İlham Əliyevin bu təbəqədən olan insanlara böyük diqqət və qayğısı var, onların sosial problemlərinin həlli məqsədilə müntəzəm olaraq addımlar atılır, fərman və sərəncamlar imzalanır. Ancaq bununla yanaşı qeyd etdiyim təbəqədən olan vətəndaşlarımızın mənəvi dəstəyə də ehtiyacı var. Ona görə də bir sənətçi olaraq hər zaman çalışırıq ki, onların yanında olaq. Bir sözlə, bizim üçün əsas Vətən, hərbiçilər, eləcə də mənəvi dəstəyə ehtiyacı olan digər qeyd etdiyim kateqoriyanı təmsil edən insanlardır.

Aygün Aydın: "Hər bir vətəndaş öz çalışdığı sahədə Vətənə, millətə, dövlətə ləyaqətlə xidmət etməlidir"

-Bu günlərdə işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribata cavab olaraq Silahlı Qüvvələrimizin, Ordumuzun düşmənə endirdiyi əks zərbə cəmiyyətdə vətənpərvərlik ruhunun daha da artmasına səbəb oldu və minlərlə vətəndaşımız dövlət başçısının çağırışına qoşularaq könüllü olaraq hərbi xidmət üçün qeydiyyata düşdü. Bildiyimiz qədər siz də anoloji addım atmısınız

-Bəli, tamamilə düz buyurursunuz. Mən də Cənab Prezidentimizin çağırışına qoşularaq könullu olaraq ərazi bütövlüyümüzün uğrunda döyüşlərdə iştirak etmək üçün qeydiyyata düşdüm. Bu bir görüntü, yaxud özünüreklam xarakteri daşımırdı. Bu addımımla igid hərbiçilərimizə, əsgər və zabitlərimizə onu demək istəyirdim ki, dəyərli Azərbaycanın ər igid, mərd oğulları, mən də sizinləyəm qardaşlarım. Fürsətdən istifadə edib torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş igidlərimizə, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İnanıram ki, şəhidərimizin qanı yerdə qalmayacaq, tezliklə işğal altında olan torpaqlarımızı igid oğullarımız geri qaytaracaq.

-Bütün bunlar Vətənə, dövlətə sıx bağlılıqdan irəli gəlir. Bu mənada Vətən sizin üçün nədir və nə məna kəsb edir?

-Qısacası Vətən bizim ən mūqəddəs, ən yūksək, ən təmiz andımızdır. Ümumilli lider Heydər Əliyevin qeyd etdiyi kimi mən fəxr edirəm ki, Azərbaycanlıyam. Azərbaycanımın hər qarışı, hər dağı-dərəsi, hər addımı mənim üçün müqəddəsdir və çox sevirəm.

-Sizdə olan vətənpərvərlik ruhu, hissləri təbii ki, təqdir ediləndir, bəyəniləndir. Ancaq etiraf etmək lazımdır ki, belə bir yüksək səviyyədə vətənpərvərlik hər bir insanda olmur. Məncə bu nəsildən gələn bir hissdir, ruhdur.

-Tamamilə doğru buyurursunuz. Məlumat üçün qeyd edm ki, babam Əsgər Musayevin həyatının mühüm bir hissəsi məhz döyüşlərdə, Hitler Almaniyasına qarşı mübarizədə keçib. Əsgər Musayev böyük vətən müharibəsi illərində Vətənin Hitlər Almaniyasının hücumlarından qorunmasında yaxından iştirak edib, döyüşlərdə böyük şücaət göstərib. O, 416 ci dviziyanın tərkibində döyüşərək Berlinə qədər gedib. Berlində yaralanaraq arxa cəbhədə müalicə olunub. Müalicəsini başa vurduqdan sonra yenidən döyüşə yollanıb. Həmçinin Əsgər Musayev Belarus, Ukrayna, Moldova, Polşa və Krımda gedən döyüşlərdə böyük şücaət göstərib, döyüşlər zamanı başından güllə yarası alaraq hərbi hospitala yerləşdirilib. Müalicəsini başa vurduqdan dərhal sonra yenidən üçüncü dəfə öz istəyi ilə döyüşlərə yollanıb. Bu dəfə Stavropol, Novorossiyskidə gedən bir çox döyüşlərdə iştirak edir və üçüncü dəfə ayağından yaralanaraq müalicə alır. Kapitan rütbəsinə qədər yüksələn Əsgər Musayev Hərbi Çağırış Bölməsində, eyni zamanda o zamankı KQB-də çalışır. Daha sonra o, Gəncə Şəhər İcra Hakimiyyətində bir sıra rəhbər vəzifələrdə işləyir. Babam gənclik illərində də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib. Gənclik illərində qulluq etdiyi hərbi hissədə komsomol təşkilatı sıralarında olub. Mülkədar qalıqlarının ləğv edilməsində, yoxsul kəndlilərin Sovet hakimiyyəti ətrafnda birləşməsində aktiv iştirakçı olub. Bundan başqa Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarında Sovet və təsərrüfat idarələrində rəhbər vəzifələrində çalışıb.

-Yəqin ki, sadaladığınız qəhrəmanlıqlara görə babanız təltif də olunub?

-Əlbəttə. Böyük vətən müharibəsində göstərdiyi şücaətə görə Moskvadan xüsusi təqaüd təyin olunub. Eyni zamanda ümummilli lider, mərhum preszidentimiz Heydər Əliyev tərəfindən xüsusi orden və medallarla təltif olunub. Ömrünün sonlarına kimi Bakı şəhərində bir çox rəhbər vəzifələrdə çalışıb. Son illərini isə doğma Gəncə şəhərində keçirib və orada vəfat edib. Heyif ki, babamı əyani şəkildə görməmişəm. Ancaq fəxr edirəm ki, dəyərli şəxsiyyət, əsl qəhrəman döyüşçü və şərərfli tarixi olan babam olub.

-Bəs, sizin incəsənət həyatında hansısa təltifləriniz, uğurlarınız, fəxri adlarınız varmı?

-Açığını deyim ki, yüksək fəxri adım, dövlət mükafatlarım yoxdur. Hələlik, bu sənətdə yeniyik. Düzü indidən fəxri ad almaq, təltif olunmaq kimi iddialarım, istəklərim də yoxdur. Ancaq buna baxmayaraq müxtəlif təşkilat və qurumlar, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müntəzəm olaraq təltif edilirəm. Bir müddət əvvəl ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günü ərəfəsində mən də vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən ölkənin mədəni-ictimai həyatında fəal iştirakıma görə plaketlə təltif olunmuşam. Eləcə də digər bu kimi mükafatlarım, fəxri fərmanlarım, fəxri diplomlarım var. O ki, qaldı yüksək fəxri adlar və dövlət mükafatlarına, düşünürəm ki, zamanı gələndə dövlət tərəfindən fəaliyyətimiz qiymətləndirilə bilər. Təbii ki, dövlət tərəfindən fəxri ad almağım, təltif edilməyim mənim üçün qürurverici olar və bunu 15 ildəki fəaliyyətimə verilən qiymət kimi dəyərləndirərəm. Ancaq ümumilikdə götürəndə ilk növbədə xalqın sevgisi, xalqın sənə göstərdiyi etimaddır. Hesab edirəm ki, xalqın sevgisi, xalqın sənə olan məhəbbəti hər şeydən, bütün titullardan, fəxri adlardan üstündür. Necə ki, Cənab Prezidentimiz İlham Əliyev də bütün fəaliyyəti boyunca xalqla yaxın olmağı, xalqın problemlərini öyrənib, onları qısa müddətdə həll etməyi əsas vəzifə hesab edir.

-Ümumiyyətlə repertuarınızda əsasən hansı növ mahnılar üstünlük təşkil edir?

-Repertuarımda daha çox vətənpərvərlik mövzusunda mahnılar üstünlük təşkil edir. Ancaq eyni zamanda oynaq və lirik mahnılar da ifa edirəm. Şəxsən özümə aid olan mahnılar var ki, mənim bir sənətçi kimi tanınmağımda həmin mahnıların xüsusi yeri olub. Elə mahnılarım var ki, 1 milyona yaxın səs toplayıb. Bu özəlliyimə, yaradıcılığıma görə də toylara, en şənliklərinə dəvət alıram. Toylarda da bir qayda olaraq öz mahnılarımı ifa edirəm. Onu da qeyd edim ki, yaxın vaxtlarda pərəstişkarlarımın qarşısına yeni layihə ilə çıxacağıq. Yeni layihəmiz də vətənpərvərlik, Qarabağ mövzusuna aiddir. Fərqli bir şəkildə mahnı, klip və film olacaq.

-Sizə məxsus olan mahnılardan konkret hansıları qeyd edə bilərsiniz?

-Məni ən çox xalqa tanıdan və 1 milyona yaxın baxış yığan mahnılarımdan birinin adı “Biri var”dır. Digər mahnılarım “Yağış”, “Şad elə”, “Sahildə görüş” və s.dir. Hərbi vətənpərvərlik ruhunda olan mahnılardan “Vətən” mahnısını qeyd edə bilərəm. Qeyd etdiyim kimi hazırda orenjemançı Şahin Əhmədov tərəfindən Qarabağ və Şəhidlik mövzusunda yüksək səviyyəli bir mahnı üzərində işləyirik. Bundan başqa da bir sıra layihələrimiz var. İnşallah onları da həyata keçirəcəyik.