Aynur Musayeva: “Onların təhsilinə tibbi yox, insan hüquqları baxımından yanaşılmalıdır”backend

Yeni tədris ilinin başlanmasına sayılı günlərin qalması inklüziv təhsil məsələsini yenidən aktuallaşdırır. Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların həmyaşıdları ilə birgə peşə və təhsilə cəlb olunması üçün bır sıra böyük addımlar atılıb. Bir neçə peşə mərkəzi,məktəb və siniflər inklüziv təhsil proqramına cəlb olunub. Amma təcrübə göstərir ki, bu, kifayət etmir. Bütün uşaqlar üçün bərabər təhsil imkanları yaradılmalı, əlilliyi olan uşaqların təhsilə əlçatanlığı təmin edilməlidir. İnklüziv təhsilin əhatə dairəsi genişləndirilməlidir. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə eyni məktəbdə, eyni sinifdə təhsilə cəlb edilməsidir. Sağlamlıq imkanları məhdud olan uşaqların həmyaşıdları ilə birlikdə təlim prosesində iştirak etməsi onların inkişafında və təhsilində vacib rol oynayır. Belə uşaqlar öz sağlam həmyaşıdlarının nailiyyətlərini təkrarlamağa çalışır, onlar kimi hərəkət etməyə səy göstərirlər. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda, bu ölkələrdə nəinki orta məktəblər, hətta uşaq bağçaları da inklüziv təhsil proqramına cəlb olunurlar. ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə və digər ölkələrdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşıdlarıı ilə birlikdə məktəbdə təhsil alır və uşaq bağçalarına gedirlər.
Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunmasına 2005-ci ildən başlanılıb. Bu illər əzində bir sıra qanunvericilik aktları qəbul olunub, inklüziv təhsilin təşkili ilə bağlı pilot layihələr icra olunub, bir neçə ümumi təhsil və məktəbəqədər təhsil müəssisəsi inklüziv təhsilə cəlbolunub. Ölkədə əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafına dair 2018-2024-cü illər üzrə Dövlət Proqramı mövcuddur. Lakin əlilliyi olan uşaqların yalnız kiçik bir hissəsi inklüzivliyə cəlb olunur. Digər əlil uşaqlar ümumiyyətlə təhsildən kənarda qalıb. Sağlamlıq imkanı məhdud olsa da, təhsil almaq bu uşaqların da haqqıdır. Onları bundan məhrum etməməliyik. Paytaxtla yanaşı, regionlarda yaşayan əlil uşaqların da inklüziv təhsil alması üçün lazımı şərait yaradılmalı, peşə təhsilinə yönləndirilməli və bu istiqamətdə fəaliyyət daha da genişləndirilməlidir.
Bütün dünyada inklüziv təhsilin əsas hədəfi uşaqların təkcə sosiallaşması deyil, eyni zamanda, keyfiyyətli təhsil almasıdır. Bu baxımdan inklüziv təhsil sahəsində məktəblərdə kadr potensialını artırmaq olduqca vacibdir. Daun və autizm sindromlu, yüngül əqli geriliyi olan, serebral iflicdən əziyyət çəkən uşaqların peşə və təhsil prosesinə cəlb olunması və effktiv nəticələrin əldə olunması bu sahədə peşəkar kadrların sayının artırılması ilə sıx bağlıdır. Bilirik ki, sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmək daha çox həssaslıq və səbr tələb edir. Ona görə də burada vacib məqamlardan biri həmin pedaqoqların maddi cəhətdən stimullaşdırılmasıdır.
Danılmaz faktdır ki, əlilliyi olan uşaqların ümumi təhsilə cəlb olunması onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Həmçinin tədris və təlim prosesi əlilliyi olan uşaqlar arasında nadir istedadların aşkarlanmasına yol açır. Unutmayaq ki, sağlam cəmiyyət istisnasız olaraq bütün insanların qəbul edilməsi prinsipi üzərində qurulur. Əlillik anlayışına tibbi yox, məhz insan hüquqları baxımından yanaşmalıyıq.