BƏƏ Vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlıdığı dəvətə əsasən, Azərbaycanı BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən “Formula-1” yarışlarının finalında gənclər və idman naziri Azad Rəhimov təmsil edib.
“Yenigundem” “Report”a istinadən xəbər verir ki, tədbirdə iştirak etmək məqsədilə 26 noyabr tarixində BƏƏ-yə gedən naziri Dubay hava limanında əmirliyin iqlim dəyişikliyi və ətraf mühit naziri Tani Əhməd əl Zeyudi qarşılayıb.
Azad Rəhimov noyabrın 27-si tədbir çərçivəsində BƏƏ-nin Vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyanla görüşüb. Nazir Azərbaycan Pezidenti İlham Əliyevin salamlarını və dəvətə görə təşəkkürünü Şeyx Məhəmmədə çatdırıb. Şeyx Məhəmməd öz növbəsində tədbirdə iştiraka görə minnətdarlıq ifadə edərək salamlarını Azərbaycan Prezidentinə yetirməyi xahiş edib.
Azad Rəhimov həmçinin BƏƏ xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla bin Zayed əl Nəhyan və tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək əl Nəhyan, Böyük Britaniya Krallığının şahzadəsi şahzadə Endrü, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovla da görüşüb.
Tədbirdə və görüşlərdə Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov da iştirak edib.