Geridə qoyduğumuz 2023-cü il respublikamız üçün mühüm hadisələrlə, tarixi uğurlarla əlamətdar oldu. Ən böyük uğurumuz isə, əlbəttə ki, bütün torpaqlarımız üzərində milli suverenliyimizin təmin edilməsi, Qarabağdakı erməni separatizminin kökünün tam kəsilməsidir. Bu, yalnız müstəqillik dövrünün deyil, son 200 illik tariximizin böyük hadisəsidir.
Prezident İlham Əliyevin müsahibələri hər zaman beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Çünki ölkə başçısı real danışır, bölgədə sülhün, stabilliyin olması üçün öz praqmatiq fikirlərini ortaya qoyur. Azərbaycan növbəti dəfə qonşu Ermənistanla sülh müqaviləsi imzalamaq istədiyini ortaya qoydu. Prezident qeyd etdi ki, digər vətəndaşlarımıza verilən hüquq və azadlıqlar kimi Azərbaycanda yaşayan azsaylı erməni xalqına da qeyd olunan haqlar veriləcək. Prinsipcə, Azərbaycanın bütün vətəndaşlarına eyni münasibəti göstərməsi hər kəs üçün gün kimi aydın bir məsələdir. Lakin Azərbaycan Prezidentinin bu cür sivil münasibətinə baxmayaraq, Ermənistandan buna qarşılıq görmürük. Sözdə populizmə yol verərək, Azərbaycanla sülh istədiklərini söyləyirlər. Əslində isə ölkəmizin daxili işinə qarışıb, Azərbaycanın sərhəd bütövlüyünü tanımaq istəmirlər
Torpaqlarımızın üzərində suverenliyimizin tam təmin edilməsindən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində daha əlverişli tarixi şərait yaranıb. Sülhün əldə edilməsi ilə bağlı çağırışlar və təşəbbüslər hər zaman məhz Azərbaycan tərəfindən olub. İrəvandan fərqli olaraq, Bakı müxtəlif platformalarda aparılmış sülh danışıqları prosesinin müsbət nəticə verməsi üçün bütün addımları atıb. Ölkəmiz münasibətlərin normallaşdırılması və sülhün əldə olunması üçün 5 prinsiplə çıxış edib. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olan bu prinsiplər Ermənistanın rəhbərliyi tərəfindən zahirən müsbət qarşılansa da, İrəvan buna heç bir qarşılıq verməyib və bu istiqamətdə müsbətə doğru hər hansı bir addım atmayıb.
Ötən ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra isə sülh sazişinin imzalanması ilə bağlı imkanlar daha da artıb. Bir neçə gün əvvəl Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində bu barədə danışan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən və ölkəmizin suverenliyinin tam bərpasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılıb. “Beləliklə, hazırda biz sülh sazişinin bağlanmasına ciddi maneə görmürük. İndi biz iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən hətta atışma da baş vermir. Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş də müsbət məcrada keçib. Amma konkret tarix barədə danışmaq bir qədər çətindir, çünki prosesi yekunlaşdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var. Düzünü desəm, mən düşünmürəm ki, hər hansı vaxt qrafiki qoyub, məhdud zaman çərçivəsində işləmək düzgün olardı”, – deyə Prezidentin köməkçisi bildirib.
Bütövlükdə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün şanslar artıb. Hikmət Hacıyevin qeyd etdiyi kimi, bu gün sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır. Məhz Azərbaycanın təşəbbüsləri sülh prosesinin sürətlənməsinə təkan verir. O da reallıqdır ki, ərazi bütövlüyünü tam təmin edən Azərbaycan qalib ölkə kimi sülh olmadığı şəraitdə belə öz hədəflərinə doğru addımlayır, regionda yeni kommunikasiyalar yaradır. Bu mənada sülhün olmaması yalnız Ermənistanın ziyanınadır.
Azərbaycan Ubiversiteti
Qurbanlı Elmir