Azərbaycan bu gün danışıqlar masasında diktə edən tərəfdir – İlham Məmmədovbackend

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin və xalqımızın maraqları naminə yürütdüyü uğurlu siyasət Vətən müharibəsində və ondan sonrakı müddətdə Ermənistanın ardıcıl məğlubiyyətlərini şərtləndirdi. Qırx dörd günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər Azərbaycanın həm siyasi, həm də hərb tarixinə qızıl hərflərlə yazılan möhtəşəm hadisədir. Müharibə başlayan müddətədək Azərbaycan Prezidenti beynəlxalq müstəvidə humanizm və sülh prinsiplərinə əsaslan təklif irəli sürərək Ermənistan siyasi rəhbərliyini absurd düşüncələrdən əl çəkməyə və Qarabağın Azərbaycanın tərkib hissəsi olması həqiqətini qəbul etməyə çağırırdı. Əfsuslar olsun ki, Ermənistan bu sülh təklifi ilə razılaşmadı. Nəticədə “dəmir yumruq” təcavüzkarların başını əzdi və Azərbaycan öz əzəli torpaqlarını düşmən tapdağından azad etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.
O bildirib ki, Azərbaycan regionda vəziyyətin tam normallaşdırılması və sülhün bərqərar olunması üçün Ermənistana beş baza prinsipi təqdim edib. Ölkəmiz tərəfindən isə bu istiqamətdə bir sıra mühüm addımlar atılıb və proseslər davam etməkdədir. Avropa İttifaqının (Aİ), Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə iki ildən artıq bir müddətdir ki, dövlət rəsmiləri arasında müxtəlif formatlarda görüşlər keçirilir. Azərbaycan bu gün danışıqlar masasında diktə edən tərəfdir və regionda əsas söz sahibidir.
“Hesab edirəm ki, çox yaxın müddətdə Ermənistan sülh təklifini qəbul edəcək. Ona görə ki, Ermənistan hakimiyyəti üçün yeganə çıxış yolu sülh şəraitində yaşamaqdır. Dövlətimiz hər zaman konstruktiv mövqedən çıxış edir ki, bu da məhz humanizm prinsiplərinə və beynəlxalq hüququn normalarına uyğundur.
Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin onlara verdiyi şansı dəyərləndirməlidir ki, regiona davamlı olaraq sülh gəlsin. Əks təqdirdə baş verəcək proseslərdən Ermənistan hərtərəfli şəkildə zərərlə çıxacaq. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti təkcə Azərbaycana deyil, ümumilikdə Cənubi Qafqaza rifah və firavan həyat bəxş edir”, – deyən deputat fikirlərini yekunlaşdırıb.