Azərbaycan Hökuməti, Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib. Aprelin 23-də Azərbaycan Ermənistanla Qarabağ arasında əlaqənin keçdiyi Laçın yolunda öz nəzarət-buraxılış məntəqəsini qurub. Azərbaycan bu nəzarət buraxılış məntəqəsinin zəruri olduğunu rəsmən bəyan edib.
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev bildirib.
Millət vəkili açıqladı ki, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfinin Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi bir şəraitdə qəbul edilmiş legitim və milli təhlükəsizlik qərarıdır.
“Eyni zamanda, 22 aprel tarixində Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Azərbaycan ərazisinə keçirilməsi və Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi infrastruktur qurmaq fəaliyyəti bu qərarın sürətləndirməsini şərtləndirən amillərdən olub”.
R.Əliyevin fikrincə, nəzarət-buraxılış məntəqəsinin qurulması sülh müqaviləsinin bağlanması prossesini sürətləndircək.
“Üçtərəfli bəyanata əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət vermək öhdəliyinə malikdir. Bu öhdəlik eyni zamanda, Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir. Həmçinin yolun başlanğıcında sərhəd-nəzarət məntəqəsinin təşkili yol üzrə hərəkət rejimində dəyişiklik yaratmır. Üçtərəfli bəyanatın əhatə dairəsindən kənar olan sərhəd təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Nəzarət-buraxılış məntəqəsinin qurulması sülh müqaviləsinin bağlanması prossesini sürətləndicək. Artıq Ermənistan üçün başqa yol qalmamışdır”.
Parlamentin üzvü vurğuladı ki, Azərbaycan -Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması ölkəmizin niyyətidir.
“Qarabağda yaşayan erməni əhalisinə gəldikdə onların gələcəyi barədə cənab Prezident İlham Əliyev bu ilin 18 aprel tarixində Salyan şəhərində Azərbaycan televiziyasına verdiyi öz müsahibəsində Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlar yönləndirmiçdir. Bir daha bəyan edildi ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun: “Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın”.-deyə o qeyd etdi.
Fərahim Rəhimov