Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib – Məlahət İbrahimqızıbackend

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri iki ölkə münasibətlərin xarakterini göstərir. Prezident İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin görüşündə də vacib məsələlər müzakirə olunub. Cənab Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata verdiyi bəyanatlarında da mühüm mesajlar səslənib.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyəti var: “Bu Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra ilk xarici səfərdir. Cənab Prezident də rəsmi qonağı və onun təmsil etdiyi “Gürcü Arzusu” Partiyasını seçkilərdəki qələbəsi münasibətilə təbriklərini çatdırıb. Gürcüstandakı parlament seçkilərindən sonra ilk səfərin Azərbaycana həyata keçirilməsi iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir. Hər iki lider mətbuat konfransında da vurğuladı ki, Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıb. Bu ənənələr indi də yaşayır. Azərbaycan-Gürcüstan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bu xüsusda iki qonşu ölkə arasında  siyasi əlaqələr nümunə ola biləcək səviyyədədir. Eyni zamanda ölkələrimiz arasında iqtisadi sahədə olan uğurlar da mətbuat konfransında bir da qeyd edildi. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bu amil Azərbaycanla Gürcüstan arasında iqtisadi-siyasi, o cümlədən mədəni əlaqələrin mahiyyətini göstərir. Sözsüz ki, iki ölkə arasında enerji sahəsində olan əməkdaşlığın xüsusi əhəmiyyəti var. Energetika sahəsindəki əməkdaşlıq hər iki ölkə ilə yanaşı daha böyük, geniş coğrafiyada vacib əhəmiyyət daşıyır”.

Deputat bildirib ki, iki ölkə arasında birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir: “Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir ki, bu da ildən-ilə artır. Ötən il bu ixracın həcmi 25 milyard kubmetrə çatıb. Həmçinin bu gün Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan tərəfindən təmin edilir. Bu baxımdan da Azərbaycan və Gürcüstan Orta Dəhliz layihəsində yaxın tərəfdaşlar kimi fəaliyyət göstərir. Hər iki ölkənin müvafiq qurumları koordinasiya şəklindəki fəaliyyəti bu layihənin də uğurla başa çatmasına zəmin yaradacaq. Sözsüz ki, bu vacib layihənin reallaşması Azərbaycanla Gürcüstanla yanaşı digər qonşu və tərəfdaşlar üçün də mühüm önəm kəsb edir. Çünki bu layihə böyük coğrafiyanı əhatə edir. Azərbaycanla Gürcüstan burada Avropa ilə Asiya arasında vacib körpü rolundadır”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələrə mühüm əhəmiyyət verir. Dövlətimiz əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın mahiyətini təşkil edir. Təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlər bunun bariz nümunəsidir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyi müşahidə edilir və bu bütün sahələri əhatə edir. Həmçinin Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlıq xüsusi önəm kəsb edir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu ilə Şərq və Qərb arasında qısa səmərəli alternativ bağlantı yaranır. Bütün bunların fonunda Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında hər iki dövlətin strukturları arasında olan sıx təmaslar da mühüm rol oynayır. Ölkələrimiz BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda bir-birinin milli maraqlarını müdafiə edir”.