Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri mühüm önəm kəsb edir. Prezident İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin görüşündə bir çox vacib məsələlər müzakirə edilib. Eyni zamanda Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra mətbuata verdiyi bəyanatlarda da mühüm mesajlar verilib. Sözsüz ki, Baş nazir İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyəti var. Çünki bu Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra ilk xarici səfərdir. Cənab Prezident də rəsmi qonağı və onun təmsil etdiyi “Gürcü Arzusu” Partiyasını seçkilərdəki qələbəsi münasibətilə təbrik edib. Vurğulanıb ki, Gürcüstandakı parlament seçkilərindən sonra ilk səfərin Azərbaycana həyata keçirilməsi iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Millət vəkili hər iki liderin mətbuat konfransında da vurğuladığı kimi Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıb: “Bu ənənələr indi də yaşayır. Azərbaycan-Gürcüstan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bu xüsusda iki qonşu ölkə arasında siyasi əlaqələr nümunə ola biləcək səviyyədədir. Eyni zamanda ölkələrimiz arasında iqtisadi sahədə olan uğurlar da mətbuat konfransında bir da qeyd edildi. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bu amil Azərbaycanla Gürcüstan arasında iqtisadi-siyasi, o cümlədən mədəni əlaqələrin mahiyyətini göstərir. Sözsüz ki, iki ölkə arasında enerji sahəsində olan əməkdaşlığın xüsusi əhəmiyyəti var. Energetika sahəsindəki əməkdaşlıq hər iki ölkə ilə yanaşı daha böyük, geniş coğrafiyada vacib əhəmiyyət daşıyır. Birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Bu bir reallıqdır ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir ki, bu da ildən-ilə artır. Ötən il bu ixracın həcmi 25 milyard kubmetrə çatıb. Həmçinin bu gün Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan tərəfindən təmin edilir”.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata verdiyi birgə bəyanatda toxunduğu vacib məsələlərdən biri də Orta Dəhliz layihəsi ilə bağlı olub: “Azərbaycan və Gürcüstan Orta Dəhliz layihəsində yaxın tərəfdaşlar kimi fəaliyyət göstərir. Hər iki ölkənin müvafiq qurumları koordinasiya şəklindəki fəaliyyəti bu layihənin də uğurla başa çatmasına zəmin yaradacaq. Sözsüz ki, bu vacib layihənin reallaşması Azərbaycanla Gürcüstanla yanaşı digər qonşu və tərəfdaşlar üçün də mühüm önəm kəsb edir. Çünki bu layihə böyük coğrafiyanı əhatə edir. Azərbaycanla Gürcüstan burada Avropa ilə Asiya arasında vacib körpü rolundadır. Məhz bu istiqamətdə hər iki ölkədə zəruri işlər görülür, nəqliyyat infrastrukturunun genişləndirilməsi layihələri icra edilir”.
Təftiş Komissiyasının sədri Azərbaycanla Gürcüstan arasında münasibətlərin qədim tarixi köklərə malik olduğunu söyləyib: “Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu xüsusda Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələrə mühüm əhəmiyyət verir. Dövlətimiz əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın mahiyətini təşkil edir. Təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlər bunun bariz nümunəsidir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyi müşahidə edilir və bu bütün sahələri əhatə edir”.
Sevinc Hüseynova hesab edir ki, Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlıq xüsusi önəm kəsb edir: “Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr ikitərəfli əməkdaşlığın inkişafına xidmət edir. Bu əməkdaşlıq artıq regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu ilə Şərq və Qərb arasında qısa səmərəli alternativ bağlantı yaranır. Bütün bunların fonunda Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında hər iki dövlətin strukturları arasında olan sıx təmaslar da mühüm rol oynayır. Eyni zamanda yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin dinamikasına və qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrasına mühüm töhfə verir. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. Bu baxımdan ölkələrimiz BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirir”.