Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər bütövlükdə Azərbaycanın yürütdüyü xarici siyasətin nə qədər düzgün və balanslı olduğunun əyani şəkildə sübutudur. Məlumdur ki, Azərbaycan-Rusiya əlaqələri çoxəsrlik tarixə dayanır və münasibətlər dinamik şəkildə inkişaf edir. Rəsmi Bakının xarici siyasət konsepsiyasında Rusiya önəmli və əsas tərəfdaşlardan biridir. Bu tərəfdaşlıq bərabərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub. Rusiya tərəfi də Azərbaycanla münasibətlərdə məhz bu prinsiplərə üstünlük verir. Ölkə başçısı bu məsələyə diqqət çəkərək Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətindən bəhs etdi, eyni zamanda Ermənistana və onun havadarlarına vacib mesajlar verdi. Bu fikri xüsusi qeyd etdi ki, Azərbaycan xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən, tamamilə müstəqil aktor kimi qəbul edilir. Azərbaycan, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur.
Azərbaycan hər zaman sülhün, təhlükəsizliyin tərəfdarı olmuş və ədalətin zəfər çalması üçün mübarizə aparıb. Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirilən məsələlərdən biri də sülh müqaviləsinin imzalanması üçün mühüm şəraitin mövcud olduğu bir zamanda Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılması oldu. Bu ölkələr Ermənistanı sülhə yox, revanşizmə sövq etməyə çalışır. Təbii ki, belə olduğu təqdirdə Azərbaycan tərəfi də adekvat cavab verməli olacaq, çünki artıq sülh sazişinin 17 maddəsindən 15-i razılaşdırılıb. Razılaşdırılmayan məqamlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməkdir. Ermənistan 30 illik işğal dövründə Azərbaycana böyük ziyan vurub. Torpaqlarmız azad ediləndən sonra dəymiş ziyanın hesablanması aparılıb. Prezidentin müsahibədə dediyi kimi, vurulmuş zərərin təhlili başa çatdırılıb. Dəymiş zərərin həcmi təxminən 150 milyard dollardan çoxdur. Digər razılaşdırılmayan maddə isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Həm də, bu missiya kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Ona görə də, rəsmi Bakı sərhəddə belə bir missiyanın mövcudluğunu yolverilməz hesab edir. Ermənistan anlamalıdır ki, onun sülhdən başqa çıxış yolu yoxdur.
Müharibə arxada qalsa da, Azərbaycanın suverenliyi tam bərpa olunsa da, arxayınlaşmaq olmaz. Necə ki bunu Prezident müsahibəsində xüsusi vurğuladı və cəmiyyətə önəmli mesajlar ötürdü. Qalib, tam müstəqil siyasətə, güclü Liderə malik Azərbaycanı istəməyən qüvvələrin həmlələri, çirkin planları hələ də davam edir. Bütün bunları böyük diplomatik ustalıqla dəf edən Prezident İlham Əliyev həm yerli, həm də xarici medianın imkanlarından və gücündən də elə eyni ustalıqla yararlanmağı bacarır. Bir yandan xalqa hesabat verir, digər yandan Azərbaycana qarşı olan qüvvələrə lazımi fikirləri çatdırır. Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsi də regiondakı proseslərlə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edir.
Anar Məmmədov,
Milli Məclisin deputatı