Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı daha da inkişaf edib, güclənib, beynəlxalq problemlərin həllində rolu artıb, eyni zamanda dünyada nüfuzu yüksəlib. Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə hərəkata sədrlik etməyə başlayıb. Ötən müddət ərzində ölkəmizin QH-nın sədri olaraq göstərdiyi fəaliyyət, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə daim Hərəkatın inkişafına, söz sahibinə çevrilməsinə böyük töhfələr verir. Azərbaycanın son dövrlər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Qoşulmama Hərəkatının daha bir tədbirinin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu göstərir.
Bu fikirləri “Yeni Gundem”-ə açıqlamasında Parlamentin üzvü Aydın Hüseynov bildirib.
Milli Məclisin deputatı Aydın Hüseynov açıqladı ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında Azərbaycanın QH-yə üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərdiyini bildirib.
“Azərbaycan hökumətinin bu addımı ölkəmizin beynəlxalq sahədəki yerinin önəmini göstərir. Onun sözlərinə görə, Azərbaycan humanist məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərin göstəricisidir. Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident İlham Əliyev Azərbaycanın ilk donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları ayırdığını diqqətə çatdırıb. 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla ev sahibliyi etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bəyan etmişdi.
Təsadüfü deyil ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qoruduğunu bəyan etdi. Deputatın sözlərinə görə, 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü xatırladan dövlətimizin başçısı qeyd edib ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı olub”,-deyə o qeyd edib.