Azərbaycan idmançıları XXXI Ümumdünya Yay Universiadasında iştirak etmək üçün Çinin Çenqdu şəhərinə yola düşəcəklərbackend

İyulun 24-də Azərbaycan idmançıları XXXI Ümumdünya Yay Universiadasında iştirak etmək üçün Çinin Çenqdu şəhərinə yola düşəcəklər. İdmançılarımızın hazırlığı və yarışlarda iştirakı ilə bağlı bu gün Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçirilib.

“Yeni Gundem” xəbər verir ki, görüşdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdir müavini, nümayəndə heyətinin rəhbəri Nicat Həsənov Azərbaycan idmançılarının oyunlarda iştirakı üçün görülən işlər barədə məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edilib ki, Çinin Çenqdu şəhərində XXXI Ümumdünya Yay Universiadasına iyulun 28-də start veriləcək. Azərbaycan 16 idman növündə – atletika (3 nəfər), atıcılıq (8 nəfər), akademik avarçəkmə (2 nəfər), badminton (2 nəfər), basketbol (11 nəfər), bədii gimnastika (2 nəfər), cüdo (11 nəfər), tennis (2 nəfər), uşu (2 nəfər), taekvondo (8 nəfər), voleybol (12 nəfər), kamandan oxatma (2 nəfər), stolüstü tennis (8 nəfər), idman gimnastikası (2 nəfər), üzgüçülük (3 nəfər), qılıncoynatma (10 nəfər) üzrə ümumilikdə 88 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, bu universiadalar tarixində indiyədək Azərbaycanın təmsil olunacağı ən böyük nümayəndə heyətidir. Azərbaycan nümayəndə heyəti Çinin Çenqdu şəhərinə iyulun 24-də çarter reysi ilə yola düşəcək, avqustun 9-da isə Vətənə qayıdacaq. XXXI Ümumdünya Yay Universiadasının açılışı iyulun 28-də, bağlanış mərasimi isə avqustun 9-da keçiriləcək.