Özbəkistanın paytaxtı Daşkənddə universal döyüş üzrə növbəti dünya çempionatı keçirilib.
Azərbaycan Universal Döyüş Federasiyasından “Yeni Gündəm”-ə bildiriblər ki, dünyanın 50-dən artıq ölkəsindən 700-dən çox idmançının qatıldığı çempionatda ölkəmiz 23 idmançı ilə təmsil olunub. Çempionat çərçivəsində ilk dəfə olaraq peşəkarlar arasında dünya kəməri uğrunda döyüş keçirilib. Qarşılaşmada Azərbaycan idmançısı Nicat Əliyev və ABŞ təmsilçisi Cesse Smit üz-üzə gəliblər. Gərgin keçən görüşdə həmyerlimiz inamlı qələbə qazanaraq dünya kəmərinə sahib olub.
N.Əliyev dünya kəməri uğrunda döyüşün məhz 28 May – Müstəqillik Gününə təsadüf etməsinin ona əlavə stimul verdiyini bildirib: “Məhz dövlətimizin və xalqımızın şanlı və qürurlu günündə bu qələbəni qazanaraq dünya kəmərinə sahib oldum. Beləliklə, həmin mənim üçün ikiqat bayrama çevrildi. Qələbəmi Azərbaycan xalqına və bu bayramı bizə bəxş edən şəhidlərimizin xatirəsinə həsr edirəm. Bu yarışda mənə iştirak etmək imkanı yaratdıqları üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsən nazir Vilayət Eyvazova dərin minnətdarlığımı bildirirəm”.
Əməkdar idman ustası N.Əliyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşıdır. İdmançımız universal döyüş üzrə beşqat dünya, altıqat Avropa çempionu, Dünya Oyunlarının qalibi, Asiya kəmərinin sahibi, dünya kubokunun qalibidir.
Qeyd edək ki, Azərbaycanda əlbəyaxa döyüş növlərinə maraq getdikcə artır. Bu istiqamətdə Azərbaycan Universal Döyüş Federasiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır. Federasiyanın prezidenti, SSRİ İdman ustası, Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Azər Həsənovun ciddi səyləri nəticəsində son vaxtlar ölkəmizdə əlbəyaxa döyüş növləri ilə məşğul olan idmançıların peşəkarlıq səviyyəsi də xeyli yüksəlib.