Polşada keçirilən III Avropa Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan milli komandasının keçidi olub.
“Yeni Gundem” xəbər verir ki, komandamızın keçidi zamanı Azərbaycan Bayrağını qılıncoynadan Barat Quliyev və kamandan oxatan Yaylagül Ramazanova daşıyıblar.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.