Azərbaycan milli komandası növbəti oyununu keçirib.
“Yeni Gündəm”-in məlumatına görə, Canni de Byazinin yetirmələri Maltada təşkil olunan təlim-məşq toplanışında ikinci matçına çıxıb.
Yığmamız Latviya ilə görüşüb. Qarşılaşma Ta Qalidəki Milli stadionda baş tutub.
Görüşün ilk yarısı millimizin üstünlüyü ilə keçib. Topa daha çox nəzarət edən yığmamız rəqib qapısına daha çox hücum qurub. Lakin 30-cu dəqiqədə qırmızı vərəqə alan Qara Qarayev yığmanı azlıqda qoyub. Bundan sonra latviyalılar qazandıqları say üstünlüyündən yararlanmağa çalışıblar.
De Byazinin yetirmələrinin əldə etdiyi ərazi üstünlük tədricən “əriyib”. İkinci yarıda həm millimiz, həm də oyunu bərabərləşdirən Baltikyanı ölkə təmsilçisi bir neçə yaddaqalan epizod yaratsa da, hesab yalnız son dəqiqələrdə açılıb. 85-ci dəqiqədə fərqlənən Latviya millisi 1:0 hesabı ilə qalib gəlib. Bununla da yığmamız Malta toplanışını iki məğlubiyyətlə və qolsuz başa vurub.
Qeyd edək ki, yığmamız martın 25-də Malta ilə yoldaşlıq oyununda 0:1 hesabı ilə uduzub.