Ermənistanın Laçın rayonu istiqamətində mövqelərimizi atəşə tutması, şəhid və yaralıların olması İrəvanın davamlı sülhdə, o cümlədən regionda əməkdaşlıq mühitinin qurulmasında istəmədiyi, əksinə hələ də revanşist və təcavüzkar niyyətdə olduğunu göstərir. 44 günlük savaş dövründə, habelə sonrakı müddət ərzində həyata keçirilən cəza tədbirləri zamanı qorxaqcasına qabağımızdan qaçan bu fərari toplum görünür son günlər bəzi qonşuların anti-Azərbaycan ritorikası, o cümlədən Avropa İttifaqının missiyasının Ermənistanda olması, habelə bu missiyanın davamlı şəkildə qeyri-adekvat mövqe sərgiləməsindən cəsarətlənib. Lakin haylar unutmamalıdır ki, cənab İlham Əliyevin Şuşadan da bəyan etdiyi kimi, heç kim onları xilas etməyəcək, necə ki, 44 günlük savaşda və sonrakı dövrdə şər blokdan heç kəsin köməyi onları alçaldıcı məğlubiyyətdən qurtarmadı.
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Milli Məclisin deputatı açıqlayıb ki, İrəvanın bu cür radikal davranışları, Azərbaycanın sərt addımlarla bölgədə dayanıqlı sabitliyi və yekun sülhü bərqərar etməsini zərurətə çevirir.
“Eyni zamanda BMT Nizamnaməsinin 51-ci maddəsi bizə yönəli təhdidləri aradan qaldırmaq üçün Azərbaycana bütün zəruri bildiyi tədbirləri həyata keçirməyə, təhdidləri yerləşdiyi yerdən asılı olmayaraq məhv etməyə, aradan qaldırmağa haqq verir”.
Millət vəkili vurğulayıb ki, istənilən anda növbəti cəza tədbirlərinin həyata keçirilməsi hüququnu həyata keçirmək Azərbaycanın hüququdur.
“Bildiyiniz kimi, artıq Azərbaycan Ordusu Laçındakı son insidentlə bağlı bütün lazımi tədbirləri gördü, istər şəhid və yaralılarımızın qisasının misli ilə alınması, istərsə də bütün növbəti mümkün təxribatların profilaktikası üçün adekvat addımlar bundan sonra da atılacaq. Əməliyyat şəraiti tam şəkildə Azərbaycan Ordusunun nəzarətindədir və milli maraqların müdafiə və təmin edilməsi üçün bütün addımların atılması, o cümlədən istənilən anda növbəti cəza tədbirlərinin həyata keçirilməsi hüququnu həyata keçirmək bizim hüququmuzdur”,-deyə o vurğulayıb.
Fərahim Rəhimov