Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizdə rəsmi səfərdədir. İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq bu fikri inamla qeyd edə bilərik ki, ölkələrimiz arasında diplomatik münasibətlərin 1995-ci ildə qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqlarının ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki Prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri münasibətlərimizdə yeni bir səhifədir.
Mövzu ilə bağlı “Yeni Gundem”-ə danışan Parlamentin regional məsələlər komitəsinin üzvü, millət vəkili Emin Hacıyev bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətlə inkişaf edir.
Millət vəkili E.Hacıyev açıqlayıb ki, son illər ərzində Azərbaycan-Özbəkistan münasibətləri fəal əməkdaşlığa əsaslanan yeni inkişaf dövrünə qədəm qoyub.
“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə digər dövlətlər və xalqlarla sülh şəraitində yaşamaq və münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsinə əsaslanan uğurlu xarici siyasət aparılır. Xarici siyasətimizin təməl prinsiplərindən birini də Mərkəzi Asiya ölkələri ilə yaxın dostluq və əməkdaşlıq münasibətlərinin qurulması təşkil edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi bu mütərəqqi əməkdaşlığın daha bir sübutudur. Tarixi köklərə və qardaşlıq, dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəyə çatmasında ölkə rəhbərlərinin şəxsi münasibətləri həlledici rol oynayır. Dövlət başçımızın Özbəkistana ötən il ərzində üç dəfə səfər etməsi cənab Prezidentin Özbəkistan ilə əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verməsinin göstəricisidir”.
Milli Məclisin deputatı E.Hacıyevin sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilənin imzalanması iki ölkə münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoymasının göstəricisidir.
“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri çərçivəsində strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı danışıqlar aparıldı və mühüm sənədlər imzalandı. Ölkə başçılarının görüşü zamanı energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlər və beynəlxalq platformalarda birgə fəaliyyətin gələcək inkişaf yolları müzakirə edildi. Özbəkistan dövlətinin maliyyə dəstəyi və Prezident Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə məktəb binasının inşa olunması ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür. Özbəkistan ərazilərimizin 30 ilə yaxın işğalı dövründə və Vətən müharibəsi zamanı daim ölkəmizin ərazi bütövlüyünü rəhbər tutaraq dəstəyini əsirgəməmişdir. Özbəkistanın prezidentinin ölkəmizə səfəri zamanı işğaldan azad edilmiş ərazilərimizə səfəri bu diqqətin və dəstəyin daha bir göstəricisi olacaqdır.
E.Hacıyev onu da əlavə etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycanın Özbəkistan, eləcə də digər Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daim yüksələn xətt üzrə inkişaf edir, xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri dərinləşir və çoxşaxəli tərəfdaşlığımız yeni inkişaf mərhələsinə qədəm qoyur.
Fərahim Rəhimov
Yenigundem.az