Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda keçirilən III Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.
“Yeni Gundem” müraciəti təqdim edir:
“Sizi “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə salamlayıram.
Bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur.
Mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə yaşamaq hüququnu sual altına qoymaqla bərabər ətraf mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, bugünkü konfransın Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 öncəsi təşkil edilməsi xüsusi önəm daşıyır.
Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.
Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılmış, yenidən Azərbaycanın ərazisinə minalar basdırılmışdır. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür.
Minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda, yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir.
Humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir və onun təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur. Hazırda ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurum Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi – ANAMA-dır.
Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir. Minaları yerləşdirmək asan, onları təmizləmək isə qat-qat çətin və mürəkkəb prosesdir. Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün tərəfimizdən davamlı şəkildə müvafiq işlər görülür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Azərbaycanda ötən ildən başlayaraq qadın minatəmizləyən qrupları da fəaliyyətə başlamışdır.
Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan öz mina probleminə paralel olaraq, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edib. Bildiyiniz kimi, keçən il ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan etmişdir və bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsi istiqamətində tərəfimizdən davamlı iş aparılır. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Qrup ötən ilin sentyabr ayında fəaliyyətə başlayıb.
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına Tərəf Ölkələrin 2013-cü ildə keçirilmiş 15-ci görüşündə “Minaların mədəni irsə təsiri” ilə bağlı qətnamə qəbul edilmişdir. Azərbaycan tərəfi bu mühüm qətnamənin davamı olaraq cari ilin may ayında Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi konfrans təşkil etmişdir.
Ölkəmiz son üç ildə BMT ilə birlikdə mina mövzusuna həsr edilmiş bir sıra beynəlxalq konfranslar keçirmişdir. Bu tədbirlər minaya qarşı fəaliyyət məsələlərinə dair əsas müzakirə platformaları olmaqla yanaşı, müasir dövrdə bəşəriyyəti narahat edən bu vacib problemə diqqətin artırılmasına xidmət edir. Hazırda Azərbaycan BMT ilə birlikdə mina fəaliyyətinin tədrisi üçün “Mükəmməllik Mərkəzi”nin yaradılması istiqamətində iş aparır. Konfrans çərçivəsində ANAMA və BMT-nin İnkişaf Proqramı arasında niyyət sənədi imzalanacaqdır. Bu əlamətdar hadisə Azərbaycanın bu sahədə öz təcrübəsini oxşar problemlərlə üzləşən digər ölkələrlə bölüşməyinə də kömək edəcəkdir.
Bugünkü tədbir Azərbaycanın müasir dövrün çağırışlarından olan mina ilə mübarizə əzmini nümayiş etdirir. İnanıram ki, konfrans mina probleminin, onun törətdiyi bütün, o cümlədən ekoloji fəsadların aradan qaldırılması imkanlarının müzakirəsi, habelə mina fəaliyyəti sahəsində qabaqcıl təcrübə mübadiləsinə töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm”.