Azərbaycan Serbiya münasibətləri strateji tərəfdaşlığa əsaslanır – Millət vəkilibackend

Xəbər verildiyi kimi bu günlərdə Azərbaycandan Avropaya gedən qaz xəttindəki bəzi texniki nasazlığa görə, müvəqqəti olaraq qazın verilməsi dayandırılıb. Lakin bu dayandırılma heç bir ölkədə ciddi problem yaratmayıb. Hətta “Şahdəniz Alfa” platformasındakı texniki nasazlığa görə qaz axını müvəqqəti olaraq dayandırılsa da, “Şahdəniz Bravo” ixracı təmin etməklə tam olaraq fəaliyyət göstərir. Çatdırılmaların tezliklə bərpa ediləcəyi gözlənilir. Məsələ ilə bağlı açıqlama verən Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycandan qaz axınının gündəlik 1,7 milyon kubmetr qaz tədarükünə təsir edən fors-major vəziyyətə görə dayandırıldığını bildirib. Bununla belə, hökumət mənbələri tədarükün bərpasının bir və ya iki ay çəkəcəyi ilə bağlı məlumatları inkar edərək, vəziyyətin nəzarət altında və müvəqqəti olduğunu vurğulayıb.

Bunu açıqlamasında Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupupunun rəhbəri Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, hər bir məsələdən ölkəmizə qarşı istifadə etməyə çalışan qüvvələr bu hala da müxtəlif obrazlarda don geyindirməyə çalışıb: “Erməni fitnəkarlar hər fürsətdən ölkəmizə qarşı yalan məlumat kimi istifadə edirlər. Belə ki, bu hadisəni beynəlxalq mətbuatda bir qrup ermənipərəst jurnalist tamamilə təhrif olunmuş formada yaymağa başlayıb. Amma növbəti dəfə ermənilərin bu yalan şousu Serbiya Prezidenti cənab Aleksandr Vuçiçin öz şəxsi X hesabında Azərbaycan xalqına və şəxsən cənab Prezident İlham Əliyevə etdiyi təşəkkür paylaşımı ilə ifşa olunub”.

“BP-də təsdiq edib ki, “Şahdəniz Alfa”da olan problem boru kəmərinə və ətraf mühitə ziyan vurmadan lokallaşdırılıb. Platformada işlər ehtiyat tədbirləri olaraq müvəqqəti dayandırılıb. Bununla belə, BP tərəfləri əmin edib ki, bu, Şahdəniz yatağının istismar qabiliyyətinə təsirsiz ötüşüb. “Şahdəniz Bravo” platforması tam gücü ilə işləməyə davam edir, Türkiyə və Avropa bazarlarına qaz tədarükünü həyata keçirir”, – deyə millət vəkili əlavə edib.

Qeyd edək ki, Azərbaycan qazı Serbiyanın enerji təhlükəsizliyində əsas rol oynayır. Serbiya ildə 3 milyard kubmetrdən çox qaz istehlak edir və bu ildən 400 milyon kubmetr qaz Azərbaycandan alınıb.