Azərbaycan – Tacikistan münasibətləri yeni inkişaf mərhələsindəbackend

Azərbaycan ilə Tacikistan münasibətlərinin tarixi qədim tarixə malikdir.

“Yeni Gundem” xəbər verir ki, Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanmışdır.

Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir ki, onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub.

Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulmuşdur.

Azərbaycan ilə Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur.

İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır.

Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) Səfirliyi təsis edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2007-ci il tarixli Sərəncamı ilə Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Tacikistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. O, 26 may 2011-ci il tarixli Sərəncam ilə həmin vəzifədən geri çağırılmışdır.

Azərbaycan prezidenti İlham Əliyevin 10 fevral 2012-ci il tarixli sərəncamı ilə Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində “Azərbaycan-Qırğızıstan, Türkmənistan, Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu” adı ilə yaradılmış və ilk rəhbəri Fəzail Ağamalıyev olmuşdur. İşçi qrupu indiki adla 5 dekabr 2000-ci il tarixindən adlandırılmışdır. 4 mart 2016-cı il tarixindən Aydın Mirzəzadə işçi qrupunun rəhbəridir.

Azərbaycan Respublikası hökuməti ilə Tacikistan hökuməti arasında 35 sənəd imzalanmışdır.

Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon 11 iyul 2012-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Fərahim Rəhimov