Bir neçə gün öncə Azərbaycan Milli Məclisinin deputatları Rüfət Quliyev, Sabir Hacıyev, Razi Nurullayev və Kamran Bayramov Ukraynada səfərdə olublar. Azərbaycanın parlament üzvlərini Ukrayna Ali Radasının deputatı Vladimir Kreydenko, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, eləcə də hər iki şəhərin rəhbərliyi müşayiət edib. Qonaqlar ötən ilin martında Rusiya ordusunun bölgəyə hücumu nəticəsində yaranan dağıntılarla, eləcə də aparılan bərpa işləri ilə tanış olublar. Nümayəndə heyəti İrpin şəhərində akademik Zərifə Əliyeva adına lisey və parkda da olub.
Milli Məclisin deputatı Rüfət Quliyev “Yeni Gundem”-ə səfər təəsüratlarını bölüşdü.
Millət vəkili açıqladı ki, paytaxt Kiyevdə müharibə şəraiti antisovet, antirus təbliğatının keçirildiyi yerlərdə özünü göstərir.
“Azərbaycan parlamentinin 4 deputatı ilə Ukraynaya səfər etdik. Ora getmək üçün iki əsas yol var. Moldova-Ukrayna sərhədini keçəndən sonra hər şey hiss olunur. Kiyevin girişində bir neçə faktlar gördük. Oranı müdafiə etmək üçün xüsusi yerlər qurulub”.
R.Quliyev keçirdikləri görüşlərdə Azərbaycan prezidenti və xalqına, Türkiyə prezidenti və xalqına böyük rəğbət, təşəkkürün olduğunu bildirdi.
“Bizi yüksək səviyyədə qarşıladılar. 10-dan çox görüş keçirtdik. Görüşlərdə Azərbaycan prezidenti və xalqına, Türkiyə prezidenti və xalqına böyük rəğbət, təşəkkürün olduğunun şahidi olduq. İnsanlar yaxınlaşıb təşəkkürünü bildirirdi. Ukrayna ilə tarixən münasibətlərimiz yüksək səviyyədə olub. Köklü münasibətlərimizin əsası Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə qoyulub. Onlar indiyədək yaddan çıxarmayıb, onu qeyd edirlər. Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl mühüm sənəd imzalayıb. Hansıki burada Ukraynanın 20 strateji müttəfiqi qeyd olunub. Ukraynada müharibə zamanı Azərbaycanın göstərdiyi humanitar yardımları çox yüksək qiymətləndirirlər. İstənilən beynəlxalq platformada Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bunların hamısı yüksək hiss olunur”.
Millət vəkili Ukraynanın Buça və İrpen şəhərlərində də olduqlarını qeyd etdi.
“Ukraynada 500 mindən çox etnik azərbaycanlı yaşayır. Azərbaycanlılar Ukrayna cəmiyyətinə inteqrasiya olunublar. Onlar Ukraynanın dövlətçiliyini yüksək formada dəstəkləyirlər. Orada Azərbaycanın diaspor rəhbər və nümayəndələri ilə görüşdük. Ukraynanın bir neçə şəhərlərində olduq. Görkəmli akademik Zərifə xanım Əliyevanın adına məktəb Azərbaycan dövlətinin tapşırığı ilə yenidən əsaslı təmir olunub. Məktəb müharibənin ilk vaxtlarında çox böyük ziyan görmüşdü. Akademik Zərifə xanım Əliyevanın adına parknan tanış olduq. Heykələ əklil qoyub, baş əydik.
Orada Zərifə xanımı çox yaxşı tanıyırlar. Azərbaycana aid muzey var. Ora ilə də tanış olduq. Kiyev Milli Universitetində olduq. Özüm oranın məzunu olmuşam. İndi də professoruyam. Bizi universitetinin prorektoru qarşıladı. Ticarət palatasında görüş oldu. Sədrin birinci müavini bizi qəbul etdi. Boyarka kəndində Ulu öndərin adına park var. Orada “Sakura” ağaclarını əkdik. Biz orda 3 gün olduq. Heç yarım saat boş vaxtımız olmadı”.
R.Quliyev Ukrayna iqtisadiyyatında böyük dəyişikliklərin olduğunu, büdcənin qərbin dəstəyi ilə tamamlandığını vurğuladı.
“Kiyev şəhərinin təhlükəsizliyi yüksək səviyyədə qorunur. Şəhərdə bir bomba səsi belə eşidilmir. Əlbəttə iqtisadiyyatda böyük dəyişikliklər var. Ukrayna iqtisadiyyatı yarıya yaxın itkidir. Əgər Qərbin dəstəyi olmasa büdcə tamamlana bilməz. Səhv etmirəmsə, büdcənin 40%-i Avropa ölkələrindən alınan dəstək hesabına təmin olunur”.
Parlamentin üzvü Rüfət Quliyev Azərbaycan diasporası ilə görüşünü, onlarla etdiyi söhbətlərini də əlavə etdi.
“40-ə yaxın soydaşlarımızla görüşdük. Onlara da dedim. Siz Azərbaycana gələndə ilk olaraq Ulu Öndərin məzar daşını öpüb, cənab prezidentə min dəfə minətdarlıq bildirin. Çünki ordakı eyni hadisə bizdə də yaşana bilərdi. Biz bundan uzaqlaşdıq. Çünki Azərbaycan hakimiyyəti diplomatiyası ilə beynəlxalq səviyyədə yerini, müstəvini düz qurdu. O, təhlükə bizə də aid idi. Ancaq ölkəmizin rəhbərliyinin uğurlu diplomatiyası buna qalib gəldi. Görüşlər çox uğurlu oldu. Bir daha təsdiq etdik ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Problemləri birgə həll etməyə hazırıq”,- deyə deputat qeyd etdi.
Fərahim Rəhimov