Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var – Məzahir Əfəndiyevbackend

Bu gün regionun lokomotiv dövləti olaraq Azərbaycanın Cənubi Qafqazda müxtəlif sahələri əhatə edən əlaqələr qurduğu ölkə Gürcüstandır. Xüsusilə, Ermənistanla 30 ilə yaxın davam edən müharibə şəraiti bölgədə Gürcüstanın geosiyasi əhəmiyyətini artırmışdır.

Əsrlər boyu Cənubi Qafqazda dinc şəkildə yaşayan Azərbaycan və Gürcüstan xalqları arasında formalaşan möhkəm tarixi əlaqələr, təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə inkişaf etmiş münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu dostluğa köklənmişdir.

Müdrik Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizə tərəfdaş olmağı, müstəqilliyimizi, regionda sülhü və təhlükəsizliyi qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi diktə edir.

1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri də qonşu dövlətlərlə yüksək səviyyəli əlaqələr qurmaq və Cənubi Qafqazda təhlükəsizliyi qorumaq idi. Məhz Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkənin xarici siyasət prioritetlərini elan edəndə öz təcrübəsi və mövcud imkanlardan məharətlə istifadə edərək Gürcüstanın Prezidenti Eduard Şevardnadze ilə hələ Sovetlər dönəmindən başlayan dostluğu sayəsində Gürcüstanla Azərbaycan arasında olan mehriban qonşuluq münasibətlərini daha da möhkəmləndirdi. Belə ki, xalqlarımızın tarixi əlaqələrinin daha da zənginləşdirilməsi, eləcə də Cənubi Qafqazda münaqişə ocaqlarının olmaması üçün yeni çağırışların üzərində qurulan fəaliyyət ortaya qoyuldu.

Bu gün Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ötən müddət ərazində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb.

Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olmuşdur.  Ölkələrimiz arasındakı qonşuluq, dostluq münasibətlərinin strateji əməkdaşlıq, hətta müttəfiqlik səviyyəsinə yüksəlməsi  bölgədə sabitlik və təhlükəsizliyi təmin edir.

Uzun illər iqtisadi sahədə uğurlu əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar investisiya qoyub. Eyni zamanda, hər iki ölkəyə böyük dividentlər gətirən mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılmasını bütün dünya üçün fəal tərəfdaşlığın ən bariz nümunəsi kimi dəyərləndirmək olar.

Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycan və Gürcüstan arasında davamlı olaraq inkişaf edən tərəfdaşlıq nəinki regionun iqtisadi-siyasi vəziyyətinin, eləcə də qlobal iqtisadiyyatın artımına xidmət edir. Qeyd edək ki, Gürcüstan tranziti vasitəsilə ölkəmiz hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, habelə geniş coğrafiyanı əhatə edən Orta Dəhliz layihəsinin həyata keçirilməsi üçün işlər uğurla davam etdirilir.

Keçən müddət ərzində keçirilən ənənəvi görüşlər Azərbaycanla Gürcüstanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə şərait yaradıb. 17 tanvar 2025-ci il tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Gürcüstanda keçirilən Parlament seçkilərindən sonra ilk səfərini məhz Azərbaycana etməsi ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının növbəti təzahürü idi.

İki lider arasında baş tutan görüşdən sonra Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər” sözləri istər siyasi, istərsə də mövcud iqtisadi əlaqələrimizin bundan sonra da artan dinamika ilə inkişaf edəcəyinin, birlikdə Cənubi Qafqazda müasir çağırışlara əsaslanan yanaşma ortaya qoymaqla mühüm enerji, tranzit və logistik layihələrin davam etdiriləcəyinin, uğurla icra olunacağının göstəricisidir.

İqtisadi arena ilə yanaşı, Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq münasibətləri formalaşıb, regionda təhlükəsizlik və xalqların rifahına xidmət edən bir sıra vacib layihələr həyata keçirilib. Bu layihərəldən biri də Azərbaycan, Gürcüstan, Ermənistan hökumətlərini bir araya gətirən, Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SCAD) Regional Yardım Proqramı olub. Qeyd edim ki, bu layihə özündə qanunvericilik, səhiyyə, təhlükəsizlik, təhsil, sərhədlərin inteqrasiyası kimi istiqamətləri ehtiva edərək, əməkdaşlıq mexanizminin formalaşması və razılaşdırılmış birgə fəaliyyətin həyata keçirilməsini təmin edib.

Beləliklə, müşahidə etdiyimiz dostluq münasibətləri, keçirilən ənənəvi görüşlər bu gün Cənubi Qafqazın ictimai-siyasi həyatında yeni üfüqlərin, habelə xalqların rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir.

30 ildən sonra torpaqlarını işğaldan azad edən Azərbaycan nəhayət ki, regionda təhlükəsizliyin bərqərar olmasına çox yaxındır. İnanırıq ki, Azərbaycanla yanaşı, Cənubi Qafqazın digər subyektləri də yeni siyasi düzəndə, müasir çağırışlar əsasında birgə gələcəyi təmin etmək kimi tarixi fürsəti düzgün dəyərləndirəcəklər və regionda tam təhlükəsiz, sülh içində, rifahlı həyatın çiçəklənməsi təmin olunacaqdır.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı