Azərbaycan və İsrail innovasiyalar, kibertəhlükəsizlik və təhsil sahələrində yeni sazişlər imzalayacaqlar.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Trend-ə İsrailin xarici işlər naziri Eli Koen Bakıda səfərdə olarkən bildirib.
“İsraildən Azərbaycana ən böyük nümayəndə heyəti ilə gəldim. Azərbaycanla İsrail arasında münasibətlər strateji xarakter daşıyır. Ona görə də İsraildə səfirlik açılandan sonra gözəl ölkənizə gəlmək qərarına gəldim. Ölkələr arasında yaxşı münasibətlər ilk növbədə Azərbaycan xalqı ilə İsrail xalqı arasında olan yaxşı münasibətlərə əsaslanır. Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icmasına göstərdiyi bütün münasibətə görə Azərbaycan xalqına dərin minnətdarlığımızı bir daha vurğulamaq istəyirəm. Bu, münasibətlər üçün yaxşı zəmin yaradır. Bizim Azərbaycan xalqı ilə yəhudi xalqı, hökumətlər arasında əla münasibətlərimiz var”.
O, qeyd edib ki, İsrail və Azərbaycan iqtisadiyyat, turizm, təhlükəsizlik sahələrində fəal əməkdaşlıq edir: “Biz Azərbaycanı strateji tərəfdaş hesab edirik. Ticarət əlaqələri şübhəsiz ki, genişlənəcək. Mən bu potensialı reallaşdırmaq və iki ölkə arasında əlaqələri daha da gücləndirmək üçün buradayam. Biz innovasiyalar, kibertəhlükəsizlik və təhsil sahələrində müqavilələr imzalayacağıq. Hökumətlərimiz ikitərəfli əməkdaşlığı gücləndirməyi qarşılarına məqsəd qoyublar. Məqsədim əlaqələri daha yüksək səviyyəyə qaldırmaqdır, bunun üzərində işləyirik. Əminəm ki, biz qarşıdakı biznes forumun bəhrəsini görəcəyik”.
Fərahim Rəhimov