Azərbaycan Vəkillər Kollegiyası (ARVK) və Küveyt Vəkillər Kollegiyası (KVK) arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, sənəddə Küveytdə yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan küveytlilərin hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə təşəbbüslərə dair müddəalar təsbit olunub.
Vəkillər Kollegiyasının inzibati binasında keçirilən görüşdə qonaqları salamlayan Kollegiyanın sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib.
Eyni zamanda sədr son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini, Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sisteminin artıq respublika üzrə fəaliyyətə başladığını, bu sistemin vəkillər və ictimaiyyət tərəfindən maraqla qarşılandığını, habelə getdikcə İKT mütəxəssisləri sayəsində təkmilləşdirildiyini qeyd edib.
Qəbul üçün təşəkkürünü bildirən KVK-nın vitse-prezidenti Adnan M.Hassan ARVK ilə əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib, habelə iki ölkə arasında qarşılıqlı əlaqələrdən söz açıb.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq barədə təkliflər səsləndirilib.
Yekunda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.
Mərasimdən sonra qonaqlar “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun (VB) inzibati binası ilə tanış olub, VB-nin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. VB müdiri Kamandar Nəsibov nəzərə çatdırıb ki, hazırda büroda 100-dən artıq ölkədən vəkil cübbələri (mantiyaları) toplanıb, Vəkillər Kollegiyasının dəstəyi ilə dünyada ilk dəfə “Dünya vəkil cübbələri və atributları” sərgisi keçirilib və muzeyi yaradılıb. VB-də yerləşən həmin muzeydə vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları da daxil olmaqla, ümumilikdə 10 minə yaxın eksponat yer alır.