Azərbaycan və Özbəkistan XİN-ləri arasında Kompleks Tədbirlər Proqramı imzalandıbackend

29 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Özbəkistan müttəfiqliyindən irəli gələn məsələlər, ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Ötən ilin iki ölkə arasında müttəfiqlik münasibətlərini təsbit edən müqavilənin imzalanması ilə əlamətdar olduğu, diplomatik münasibətlərimizin 30 illiyini qeyd etdiyimiz cari 2025-ci ilin isə müttəfiqliyimizin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat-kommunikasiyalar, mədəni-humanitar aspektlərinin daha da zənginləşdirilməsi ilə yadda qalacağına dair ümidvarlıq ifadə olunub.

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluğa əsaslanan müttəfiqliyin inkişafında iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli dialoqun, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının, Hökumətlərarası Komissiyanın, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və s., habelə digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan, Qazaxsıtan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq sazişinin regional enerji, nəqliyyat və kommunikasiyaların inkişafı istiqamətində atılan əhəmiyyətli addımlardan biri olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin həmkarını postmünaqişə dövründə bölgədə bərpa, yenidənqurma, minatəmizləmə, o cümlədən sülh səyləri barədə ətraflı məlumatlandırıb. Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsinin qarşısında duran maneələrin, o cümlədən Ermənistan konstitusiyasında ölkəmizə qarşı davam etdirilən ərazi iddiaları, bu ölkənin sürətli silahlandırılmasının normallaşma gündəliyinə hədə törətdiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə Tədbirlərin Kompleks Proqramı” imzalanaraq təsdiq edilib.