Əziz həmvətənlər!
Azərbaycan xalqı olaraq 8 Noyabr Zəfər Gününün, şanlı qələbəmizin növbəti ildönümü ərəfəsindəyik. Bugünlər 30 ilə yaxın erməni işğalı altında olmuş şəhər və kəndlərimizin azad olunmasının dördüncü ilini böyük sevinclə qeyd edirik.
Bu müqəddəs savaş nəticəsində dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımız cənab İlham Əliyevin əzəmətli sərkərdəliyi, xalqımızın birliyi ilə erməni işğalına son qoyuldu. Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu.
Təəssüf ki, bizlər ermənilərin törətdikləri terror hadisələrinin də ildönümünü böyük acı ilə qeyd edirik. Əlbəttə şanlı zəfərimizi qeyd etdiyimiz kimi, erməni terrorunu da qeyd etməliyik, bu qanlı terror hadisələrini unutmamalıyıq və unutmuruq. Ermənistan hər zaman olduğu kimi, 44 günlük Vətən Müharibəsi dövründə də öz faşist xislətinə sadiq qalaraq çoxsaylı müharibə cinayətləri törədərək, döyüş bölgəsindən xeyli uzaqda olan yaşayış məntəqələrinə raket hücumları etdi. Təbii ki, Ermənistan hərbi birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrinə, mülki əhalisinə qarşı həyata keçirdiyi hərbi cinayətlərin əsasında cəbhədə uğursuzluq, Azərbaycan Ordusunun zəfəri qarşısında acizliyi dayanırdı.
Erməni faşizminin növbəti təzahürü olan bu cinayətkar əməldən ən çox zərər görən regionlardan biri də döyüş bölgəsindən xeyli uzaqda yerləşən Bərdə oldu. Düşmən Bərdə rayonunun bir sıra kəndlərini və rayon mərkəzini dəfələrlə atəşə tutdu və bu hücumlar nəticəsində 28 nəfər dinc sakinimiz şəhid oldu. Bərdəyə ən qanlı və qəddar raket hücumları isə 27-28 oktyabrda edildi. Qarayusifli kəndinə edilən raket hücumu nəticəsində 5 nəfər şəhid oldu və onlardan biri azyaşlı qız uşağı olan Aysu idi. Oktyabrın 28-də isə Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə qadağan olunmuş silahlarla hücum nəticəsində 20 nəfər şəhid oldu.
Bu hücumlar nəticəsində verdiyimiz itkilər nə qədər ağrılı olsa da, xalqımızın mübarizlik ruhunu qıra bilmədi. Bütün xalqımız kimi bərdəlilər də Ali Baş Komandan, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun tezliklə işğal altındakı bütün torpaqlarımızı düşmən tapdağından azad edəcəyinə inanırdılar və belə də oldu.
Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında böyük itkilərə məruz qaldı, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alındı.
Şübhə yoxdur ki, ermənilər törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verirlər. Dövlətimiz bu istiqamətdə sistemli tədbirlər həyata keçirməkdədir. Ötən il Qarabağda keçirilən antiterror tədbirlərindən sonra mülki insanlara hücum əmrini verən Arayik Arutunyan və digər cinayətkarlar həbs olunublar. Onlar layiqli cəzalarını alacaqlar.
Əziz həmvətənlər,
Bu gün Azərbaycanın bütün guşələrində, Qarabağda və Şərqi Zəngəzurda üçrəngli bayrağımız dalğalanır. Biz bu Zəfərə şəhidlərimizin qanı-canı bahasına nail olduq. Vətənimizi bundan sonra da göz bəbəyi kimi qorumalıyıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Fatma Yıldırım
Milli Məclisin deputatı