“Azərbaycan Xankəndi -Ağdam yolunu açmaqda israrlıdır və bunu edəcək” – Hikmət Babaoğlubackend

Azərbaycan xalqı humanitar ənənələrinə sahib olan xalqdır. Əgər Azərbaycanın hansısa bölgəsində kiminsə yardıma ehtiyacı olubsa, Azərbaycan dövləti həmişə onlara yardım göstərib.

Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, millət vəkili Hikmət Babaoğlu açıqlayıb.

Milli Məclisin deputatı H.Babaoğlu bildirib ki, Qarabağ erməniləri iddia edirlər ki, Xankəndidə “humanitar fəlakət” hökm sürür. Onların qida məhsullarına ehtiyacı var kimi şoular yaradıblar. Azərbaycan da yardımını göndərib.

“Ancaq Bakı eyni zamanda onu da bilir ki, Laçın yolu açıqdır. Nə lazımdırsa, Ermənistan oradan onlara göndərir. Ermənilər sərbəst hərəkət edirlər. Çünki Laçın sərhəd-nəzarət buraxılış məntəqəsi açıqdır. Azərbaycan kimin gedib-gəldiyini də çox yaxşı bilir. Sadəcə onlar separatçılıqla məşğul olurlar. Bunu bilərək yenə də öz yardımımızı etmişik”.

Millət vəkilinin fikirincə, ermənilər yardımı qəbul edəcəklərsə, deməli doğurdanda onlar “humanitar fəlakətlə” üz-üzədirlər. Qəbul etməyəcəklərsə, bir daha aydın olur ki, Qarabağ erməniləri aclıq şousu göstərməklə separatizimlə məşğul olurlar.

“Azərbaycanın atdığı addım hər iki halda doğrudur. Yəni qəbul edəcəklərsə, Xankəndi-Ağdam yolunun açılması reallaşacaq. Qəbul etməyəcəklərsə bütün beynəlxalq ictimaiyyətə bəlli olacaq ki, ermənilər humanitar ad altında separatçılıq niyyətindədirlər”.

Milli Məclisin üzvü onu da əlavə edib ki, Azərbaycan Xankəndi -Ağdam yolunu açmaqda israrlıdır və bunu edəcəkdir.

“Azərbaycana inteqrasiya olunmayan ermənilər isə hansısa “humanitar fəlakət” i nə qədər siyasi məqsədlərinə alət etsələr də heç nəyə nail ola bilməyəcəklər. Onlar ya Azərbaycanda Azərbaycan vətəndaşı kimi yaşayacaqlar, yadakı ölkəmizi tərk edəcəklər”,-deyə o, qeyd edib.

Fərahim Rəhimov

Yenigundem.az