Azərbaycanda avtomobil istehsalı: “Zərrə qədər də xeyri yoxdur”backend

Dünyanın avtomobil sənayesi sürətlə inkişaf etməkdədir. Hətta bu gün Çin avtomobil sənayesi dünyanın ən öndə gedən sənayesinə çevrilib.

Dünyada yeni bazar şərtləri formalaşıb. Bunun nəticəsidir ki, hələ bir neçə il öncə yalnız az sayda ölkə avtomobil istehsal etməsinə baxmayaraq, artıq müasir avtomobillər istehsal edən ölkələrin sayı artmaqdadır.

Doğrudur, İran kimi bəzi ölkələr var ki, yalnız ölkə əhalisinin istehlak edə biləcəyi avtomobillər də istehsal edirlər. Bu gün Azərbaycanda  avtomobillərin sayı getdikdə artır ki, onların əksəriyyəti idxal edilən avtomobillərdir.

Əhali əsasən xaricdən idxal edilən, müasir avtomobillərə üstünlük verir. Ölkəmizdə də bu sahədə istehsalın reallaşdırılması istiqamətində bəzi addımlar atılıb. Belə ki, hələ bir neçə il öncə Azərbaycanda avtomobil istehsalına başlanılıb.

Naxçıvanda “Lifan”, “FAW”, “Changan”, Neftçala zavodunda isə “Xəzər”, “AzSamand” və “Peugeot” markalı avtomobillər istehsal olunurdu. Ancaq həmin avtomobillərin isə yerli əhali tərəfindən istehlakı çox cüzi faiz təşkil edirdi ki, nəticədə həmin avtromobillərin satış həcmi getdikcə azalmağa başladı.

Hazırda isə Azərbaycanda “Lada”nın istehsalına başlanılır.“AvtoVAZ” ASC Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə 1,5 min avtomobil yığmağı planlaşdırır. Azərbaycanda istehsalat sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanması üçün dayanacaq təşkil edilib.

Layihə çərçivəsində xüsusi olaraq işə götürülən işçilər Tolyattidən olan mütəxəssislərdən lazımi təlim keçiblər. “AvtoVAZ”-ın rəhbəri Maksim Sokolov qeyd edib ki, Azərbaycanda “Lada” istehsalı növbəti bir neçə ildə illik istehsal həcmi 4-5 min avtomobilə çata bilər.

Bu gün müasir, standartlara cavab verən avtomobil istehsalı Azərbaycan iqtisadiyyatı üçün  mühüm amilə çevrilə bilər və qonşu Türkiyənin yerli istehsalı olan “TOGG” kimi avtomobil istehsal etməklə öz Azərbaycan da dünyaya öz avtomobil markasını təqdim edə bilər.

Ancaq maraq doğuran odur ki, yerli əhalinin belə, istehlakına önəm vermədiyi avtomobilləri istehsal etməklə Azərbaycan nə qazanır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycada indi də “Lada” avtomobilləri yığılacaq, bəli, istehsal olunmayacaq, məhz yığılacaq:

“Yəqin hansısa qalstuklu müəllim Rusiya istehsallı modelləri öz nəzarətinə götürüb, “Lada”-nı Rusiyadan idxal edəndə büdcəyə N qədər rüsum-vergi ödənilir, maşınları tam hazır, amma, məsələn, güzgüsüz, təkərsiz, oturacaqsız gətirirsən, məmləkətdə güzgüsünü, oturacağını, təkərini yerinə bağlayıb silib-təmizləyirsən – olur “istehsal”, nə rüsum ödənilir, nə vergi.

Dəfələrlə hökumətə ictimai çıxışlarda demişik ki, maşın istehsalı yaxşıdır, amma detallarının ən azı 25-30 %-i ölkədə istehsal olunmalıdır. Bu zaman yan sahələr yaranır, yeni iş yerləri açılır, yerli mütəxəssislər yetişir, bunların “istehsal” adı ilə təqdim etdikləri avtomobillərdə bir tək təkərə vurulan hava yerlidir, bunun adı istehsal deyil, vintaçanla yığılmadır, rüsum-vergidən yayınma cəhdidir”.

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebhe.info”-ya bildirib ki, əslində “Lada” istehsalı Rusiyaya kömək məsqədilə verilmiş bir qərardır:

“Çünki faktiki olaraq Rusiya dünyaya çıxış imkanlarını itirməkdədir. Eyni zamanda avtomobil sənayesi üzrə də bu problemlər mövcuddur. Azərbaycanda istehsal edilən, dünya, xüsusilə də Asiya bazarlarına çıxması üçün hər hansı problem yoxdur.

Əgər “Lada” avtomobilləri Rusiyada istehsal olunarsa, sanksiyalar səbəbindən dünya bazarlarla çıxa bilməyəcək. Ancaq Azərbaycanda istehsal edilən avtomobillər çox rahatlıqla dünya bazaralarına çıxır.

Yəni Rusiya maşınqayırma sənayesi üzrə investisiyasının yerini dəyişməklə Azərbaycan üzərindən dünya bazaralarına çıxş imkanları əldə edir. Burada qazanan tərəf Rusiyadır. Burada yaradılacaq zavodun istehsal ediləcəyi avtomobillərə Azərbaycanın daxili bazarında demək olar ki, heç bir tələbat yoxdur.

İstehasalı nəzərdə tutulan “Niva” markalı, eləcə də “Lada” avtomobillərinin Azərbaycan avtomobil bazarında payı 5 faizi keçmir. Bunu da Azərbaycan Rusiyadan asanlıqla idxal edərək ala bilir. Qiymətlərdə də heç bir dəyişiklik yoxdur. Bu qiymətlərin ucuzlaşmasına səbəb olmayacaq. Yalnız bir ehtimal var ki, ənənəvi metodlardan istifadə etməklə, “Lada” avtomobillərini dövlət sifaruişi ilə şəhid ailələri, Qarabağ qazilərinə, əlillərə vermək olar.

Bundan əvvəl də təcrübədə var idi ki, “Xəzər” avtomobilləri qazilərə  verilir, yaxud da bəzi dövlət qurumları dövlət büdcəsi hesabına sifarişlər alırdı, burada da “Lada” ilə bağlı pay ayrıla bilər. Bu pay da o qədər də böyük deyil. Bununla ölkədə maşınqayırma sənayesi, avtomobil istehsalını stimullaşdıra bilmərik.

Bütün bunlar isə bizə onu deməyə əsas verir ki, Azərbaycan əslində Rusiyaya kömək etmiş olur. Rusiya sanksiyalar səbəbindən öz tərəfdaşlarından belə, satdığı məhsulların pulunu ala bilmir. Məsələn, Rusiya iki ildir ki, sanksiya ilə bağlı Hindistan, Çinə satdığı neftin pulunu ala bilmir. Belə olduğu təqdirdə Rusiya ikinci ölkələr üzərindən üçüncü dünya bazarlarına çıxış üçün belə layihələr icra edir.

Belə layihələrdən biri də Azərbaycan üzərindən həyata keçirilir. Rusiyanın investisiyası fiziki olaraq məkan və ünvan dəyişir, ancaq bütün gəlirlər, istehsal o ölkəyə qalır. Rusiya burada həm də “Azərbaycan avtomobil istehsal edir” deyərək, sanksiyalardan kənar  avtomobil hissələri əldə edə biləcək.

Burada Azərbaycan sifarişçi rolunu oynayacaq və sonra da Rusiyada avtomobilləri üçün müəyyən elektron ehtiyat hissələri ala biləcək. Bu layihənin Azərbaycan iqtisadiyyatına zərrə qədər də xeyri olmayacaq. Burada hər hansı iş yerləri də açılmayacaq. Ən yaxşı hada 35 nəfərlik işçi cəlb olunacaq və da mühüm hadisə kimi təqdim oluna bilməz”.

Ekspertin sözlərinə görə, “Lada” kimi avtomobillərin ixrac bazarında üçüncü, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan kimi ölkələr yer alır:

“Bu proses cüzi də olsa, “Lada” zavodunun vəziyyətdən çıxmasına kömək edəcək. Azərbaycan son dövrlər türk dövlətləri ilə yaxınlaşma və inkişaf strategiyasında mərkəz rolunu oynamağa başlayıb. Hətta Avropanın elə ölkələri var ki, kənd yerlərində az da olsa, bazarda “Lada” avtomobillərinə tələbat var. Bu ölkərə isə Rusiya sata bilmir.

Satsa belə, pulunu almaqla bağlı problem yaranır. Azərbaycanın satdığı avtomobillərə isə heç kim sanksiya tətbiq edə bilməyəcək. Həm sata biləcək, həm də gəlirlərin Azərbaycandan Rusiya qayıtmasını təmin edəcək. Burada məqsəd ancaq bundan ibarətdir. Anlaşmanı və satış bazarını da Rusiya özü təşkil edəcək.

Burada böyük bazardan söhbət getmir. Rusiya istehsalı olan “Lada” avtomobilləri bu gün dünya bazarında rəqabətə dözümlülük nümayiş etdirə bilməyəcək. Bu, zavodun tamamilə iflas olmasından xilas olmaq üçün atılan bir addımdır. Burada böyük bazarlardan söhbət getmir, müəyyən mənada zavodun mövcudluğunu qoruyub saxlamaq üçün verilmiş bir qərardır”.