Azərbaycanda daha bir bağçada dəhşətli hadisə – FOTOFAKTbackend

Azərbaycanda daha bir uşaq bağçasında körpəyə qarşı xoşagəlməz hal qeydə alınıb.

“Yeni Gündəm” xəbər verir ki, “Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəlinin 2 yaşlı qızı Bakının Nizami rayonu, Rüstəm Rüstəmov 44D ünvanında yerləşən, “Bağçam” uşaq bağçaları şəbəkəsinə (İndiqo) daxil olan “Baby Star” uşaq bağçasında xəsarət alıb.

İlkin Pirəlinin sözlərinə görə, baxça rəhbərliyi uşaqın hansı səbəbdən xəsarət almasını demir, kamera görüntülərini isə valideynlərdən gizlədir.

İlkin Pirəli deyib: “Mehnur”dur, mehtərdir, nə xarabadır, bilmirəm, orada baş verənlərdən sonra bir məsələyə xüsusi diqqət çəkmək istədim.
Bu ilin iyunun sonunda 2 yaş yarımlıq qızımı Bakının Nizami rayonu, Rüstəm Rüstəmov 44D ünvanında yerləşən, “Bağçam” uşaq bağçaları şəbəkəsinə (İndiqo) daxil olan “Baby Star” uşaq bağçasına qoydum.

Təbii ki, adaptasiya prosesi çətin oldu, elə başlamamış bitdi. Uşaq ağlamalıdır, bu, normal haldır. Elə bir həftə idi ki, gedirdi. Həyat yoldaşım dedi ki, uşaq yıxılıb, başı əzilib. Dedim, necə yəni? Kamera görüntülərini tələb et!

Dedi, deyirlər, bisetkadan yıxılıb (guya anası yadına düşüb, ağlayıb, halsızlaşıb, çıxarıblar çölə. Ağlaması normal. Amma halsızlaşmaq nədir, onda, ümumiyyətlə, elə əlamət yoxdur, sapsağlam uşaqdır), həmin yerdə də kamera yoxdur. Anası deyib ki, axı izlənilib gün ərzində, narahatlığı yox idi, həm də iki dəfə zəng edilib, məlumat verməli idiniz. Həkim tətildə ola-ola, müəllim “pereks” vurub yaraya. Yıxılmazdan əvvəl və sonra ağladığını bildiriblər, onda da koridora çıxarıblar. Baxın, bunlar uşaqları koridora çıxarırlar, orada da kamera yoxdur, niyə? Cəza yeridir? Əlavə olaraq da bildiriblər ki, üzrlü sayın, ola bilsin, diqqətsizlik göstərmişik, nəzərə almağınızı xahiş edirik ki, əməkdaşlarımızın bir hissəsi məzuniyyətdədir-filan. Şübhəli qaldım deyə, növbəti gün dedim, əməkdaşlar qadınlardır, yenə get, dəqiqləşdir, nə məsələdir… Bu xarabanın o hissəsində niyə kamera yoxdur? Çünki bir neçə nəfərdə vardı izlənmə proqramı. Belə başa düşülür ki, bizim baxdığımız yerlər adi yerlərdir. Cəzalanma yeri də var, böyük ehtimal. Bisetkanın ətrafında kamera yoxdursa, deməli, döyülmə yeridir? Ehtimal ki, ağlayıb, vurublar, yıxılıb, başı əzilib. Nəisə, anasını inandırdılar ki, özü yıxılıb. Kamerasız-filansız… Uşağı çıxardıq. Kamera görüntüləri olsaydı, görsəydik ki, uşaq özü yıxılıb, kim nə deyir ki?! Baxmayaraq ki, yaşına görə daha çox nəzarətdə saxlanılmalıdır. İnanın, uşağın döyülməsinə əmin olsaydım, bunu edənlərin, rəhbərliyin anasını ağlar qoyardım, hər bir müdir əxlaqına uyğun şəxsləri rəhbərlik etdiyi quruma toplayır. Siz kimsiniz ki, uşağı vurursunuz?! Ödəniş edirik ki, vurun? Əmin olun, əvəz çıxmayınca sakitləşməzdim. Uşaqları vurmaq olmaz!

Deyirəm, kaş həkimə aparıb, ekspertiza rəyi alıb, müvafiq qurumlara müraciət edəydim. Çox heyf. Nə bilək, reablitasiya mərkəzində baş verənlərdən sonra ciddi şəkildə narahat oldum.

Dostlar, deməyim odur ki, “özəl bağça”, “bahalıdır” deyib rahat olmayın, bəlkə də ən böyük işgəncəni elə oralarda verirlər. Diqqətli olun, yaxşı olar ki, ümumiyyətlə, kiçik yaşlarında belə dəlixanalara qoymayasınız. Bilmirsiniz, elə yerlərdə işə götürülmə qaydası necədir, bəlkə hansısa şizofrenikə kurs keçib işə alıblar?

Təhsil nazirimiz də nə etməlidir, bilmirəm… Deyirlər, tənqidə immuniteti güclüdür. O immunitet deyil ee, nəisə…

Uşaqları qorumaq borcumuzdur, onlar gələcəkdirlər”.

Məsələ ilə bağlı sözügedən bağçadan telefon zənglərimizə cavab verilməyib.

Azərbaycanda daha bir bağçada dəhşətli hadisə - FOTOFAKT