Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə ölkəmizin inkişafı ilə bağlı vacib məqamlara toxunub. Bu ilin əvvəlindən ölkəmizdə iqtisadi inkişafın gözlənilən səviyyədə olduğu qeyd edilib. Ümumiyyətlə bu ilin ölkə iqtisadiyyatı üçün uğurlu olduğu bildirilib. Cənab Prezidentin də vurğuladığı kimi bu il iqtisadi artım 4,3 faiz təşkil edib. Məhz qlobal miqyasda gedən proseslər fonunda, geosiyasi vəziyyəti nəzər aldıqda bu olduqca müsbət göstərici hesab edilir.
“Yeni Gundem” xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, cənab Prezidentin də vurğuladığı kimi hazırda ölkəmizin iqtisadi inkişaf templəri bir çox ölkələri qabaqlayır: “Ölkəmizdə qeyri-neft sektorunda 7 faiz artıb qeydə alınıb. Məhz bu amil onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar bəhrəsini verir. Ölkəmizin başçısı müşavirədə həmçinin son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neft hasilatının ildən-ilə azaldığına diqqət çəkib. Bu amilin ölkəmizin ümumi iqtisadi inkişaf templərinə mənfi təsirlərindən bəhs edilib. Amma buna baxmayaraq Azərbaycanda bu tənəzzül qeyri-neft sektorunun inkişafı ilə tənzimlənir. Sözsüz ki, neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlarda onların diqqətinə çatdırıldığı da vurğulanıb. Cənab Prezident də haqlı olaraq bildirib ki, son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılıb: “Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək. Beləliklə, bizim iqtisadi inkişaf templərimizi geriyə çəkən əsas amil ümid edirəm ki, aradan qaldırılacaq və gələn il sabit neft hasilatı təmin edilməlidir. Nəzərə alsaq ki, hazırda biz neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyirik və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımız var. Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır”. Məhz ölkə başçısının da bildirdiyi kimi hazırda əsas hədəfin iqtisadiyyatı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. Sözsüz ki, burada inflyasiya amili də nəzərə alınır. Bu ilin əvvəlindən ölkəmizdə inflyasiya 1 faizdən bir qədər çox olub. Bu da çox müsbət göstəricidir. Dövlət başçısının da açıqladığı kimi bu amil gələn il minimum əməkhaqqı və minimum pensiyanın artımına təsir edə bilməyəcək”.
Deputat hesab edir ki, hazırda ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir: “Burada başlıca prioritet hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlıdır. Bütün bunlara baxmayaraq ölkəmizdə hər zaman olduğu kimi həssas təbəqə sayılan vətəndaşların da rifah halının yaxşılaşdırılması üçün mühüm addımlar atılır. VII çağırırş Milli Məclisin ilk iclasında da cənab Prezident İlham Əliyev bu məsələlərə toxunub. Son beş il ərzində Azərbaycanda icra edilən böyük sosial islahatlar paketi məhz bunun bariz nümunəsi hesab edilir. Bütün bunların fonunda ölkəmizin iqtisadi inkişaf templəri bu ilin sonuna qədər də artan xəttlə davam edəcək. Eyni zamanda ölkəmizdə qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi üçün təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyü, suverenliyinin tam bərpa etməsi xarici investorların ölkəmizə olan marağını daha da artırıb. Ölkəmizdə müsbət sərmayə iqlimi mövcuddur. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Bakı və Sumqayıtda yeni müəssisələr açılır. Artıq azad edilmiş torpaqlarda Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parkları yaradılıb. Bu isə ölkəmizin büdcə imkanları ilə bağlıdır”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan həyata keçirdiyi layihələrə görə heç bir yerdən yardım almır: “Bunun əksinə ölaraq ölkəmizin xarici borcu azalır. Bununla bağlı bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifə uğurla yerinə yetirilir. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir. Cənab Prezidentin iqtisadi müşavirədə də qeyd etdi ki, hərbi potensialın gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr prioritet istiqamətlərdir. Sosialyönümlü infrastruktur layihələri də Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Bu amil imkan verəcək ki, gələn il bütün əsas vəzifələri icra edilsin. Sözsüz ki, ödvlətimizin malik olduğu imkanlar buna tam əminlik yaradır. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada öz təsdiqini tapıb. Azərbaycan öz resurslarına arxalanaraq güclü və müstəqil iqtisadiyyat qurub. Bütün bu reallıqlar Azərbaycanın müstəqil xarici siyasət həyata keçirməsində ən başlıca amil hesab edilir”.