“Azərbaycanda keçirilən model yarışmalarını boş və vaxt itkisi hesab edirəm” – Dünya ikincisi Model Sirac Bəyalızadə (MÜSAHİBƏ | FOTOLAR)backend

Sirac Bəyalızadə: “Peşəkarlıq xarici görünüşdən başlayır. Səhnə mədəniyyəti, nitq və davranış model üçün növbəti mərhələdir.”

“Miss & Mister Planet of Azerbaijan 2019” Azərbaycan gözəllik yarışmasının qalibi və “Miss & Mister Planet of the World 2019” Dünya gözəllik yarışmasının ikincisi model Sirac Bəyalızadənin “İslahat.az” xəbər portalına müsahibəsini təqdim edirik.

Sirac Bəyalızadə 20 sentyabr 1996-cı ildə Bakı şəhərində dünyaya gəlib. 2013-cü ildən etibarən moda sahəsində karyeramı qurmağa başlayıb. Bu günə qədər “Mavi”, “LEVI’S”, “Colins”, “Adidas”, “Puma”, “Nike” kimi brendlərlə əməkdaşlıq edib.

Model sahəsində fəaliyyətə ilk olaraq hardan başlamısınız?

İlk olaraq “High Life” Moda Akademiyasında Mübariz Allahverdizadənin yanında başlamışam.

Həm Azərbaycanda, həm də Gürcüstanda keçirilən dünya gözəllik yarışmasında qalib oldunuz. Qalib olmaq sizin həyatınızda hansı dəyişiklikləri yaratdı?

Yarışmalara qədər dünyanın məşhur brendləri ilə əməkdaşlıq etmişəm. Bu yarışmalara bir status əldə etmək üçün qatıldım və ona da nail oldum. Moda sahəsinin görünməyən tərəfi odur ki, mütləq portfoliyon olmalıdır. Müxtəlif yarışmalarda iştirak etmək təcrübə və əlavə səhnələr qazandırır.

Model olmaq üçün mütləqdir yarışmanın qalibi olasan?

Model kriteriyaları var. Model olmaq üçün boy, bədən forması, üz cizgilərin bu sahəyə uyğundursa, yarışmaya ehtiyac yoxdur. Bu sahədə mənim üçün beynəlxalq yarışmalar daha vacibdir. Azərbaycanda keçirilən model yarışmalarını boş və vaxt itkisi hesab edirəm.

Model sahəsində gələcək planlarınız nələrdir?

Gələcək ilə bağlı planlarım çoxdur, amma bu planlarımı daha çox ölkədən kənarda reallaşdırmağı düşünürəm. Hazırda, bir çox yerlərdən təkliflər var və təkliflərdən daha uyğun olanları dəyərləndirəcəm.

Azərbaycanda və dünyada model sahəsində hansı fərqlər mövcuddur?

Fərq çox böyükdür, hətta müqayisə etməyə belə dəyməz. Sadə müqayisə aparım, bizdə model olmaq üçün 160 sm kifayət edirsə, Avropa ölkələrində 175 sm tələb olunur. Peşəkarlıq xarici görünüşdən başlayır. Səhnə mədəniyyəti, nitq və davranış model üçün növbəti mərhələdir.

Model sahəsində hansı yeniliklərə ehtiyac var?

Düzgün agentliklərə ehtiyac çoxdur. Çünki, agentliklər öz maddi maraqlarını təmin etmək üçün bu sahəyə uyğun olan və olmayan hər kəsi qəbul edir. Həmin şəxslərə nəsə əldə edəcəklərinə inandırıb, 4-5 ay müddət ərzində kurs keçir, heç bir yerdə tanınmayan və təsdiqlənməyən sertifikatlar verirlər.

Model sahəsində inkişaf etmək istəyən şəxslərə hansı tövsiyyələriniz var?

Sadəcə olaraq, düzgün qərarlar verib öz üzərində daimi çalışmaq lazımdır. Digər vacib məqamlardan biri də, sağlamlığına önəm verməkdir. Hər gün idman və düzgün qidalanma başlıca amillərdir. Müxtəlif dünya təcrübələri var, onlara da internet vasitəsi ilə çatmaq mümkündür. Moda sahəsi bilik və bacarığınız səhnədə nümayişidir.

İslahat.az